BMT İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub (VİDEO)

Baş səhifə

Bakı. Trend:

BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın
bəyanatı təqdim olunub.

Trend xəbər verir
ki, məlumatı Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər
beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi “X” sosial
şəbəkəsində yayıb.

Bəyanatda vurğulanıb ki, Azərbaycan ərazi bütövlüyünü və
suverenliyini bərpa etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda
genişmiqyaslı bərpa, yenidənqurma və şəhərsalma işləri həyata
keçirir.

“Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində sosial xidmətlər
şəbəkəsinin qurulması, infrastrukturun inkişafı, mənzil və
məşğulluq imkanlarının yaradılması, eləcə də qayıdan keçmiş məcburi
köçkünlər üçün səhiyyə və təhsil xidmətlərinin təmin olunması
istiqamətində addımlar atılır. Artıq 50 mindən çox insan doğma
yurdlarına geri dönüb”, – bəyanatda qeyd olunub.

Sənəddə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesində
mühüm nəticələrin əldə edildiyi vurğulanıb. Bu kontekstdə 2025-ci
il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev,
Ermənistanın Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə Birgə
Bəyannamənin imzalanması xüsusi qeyd edilib.

“Birgə Bəyannamədə iki ölkə arasında nəqliyyat və kommunikasiya
xətlərinin açılması öhdəliyi nəzərdə tutulur. Bu addım təkcə
regiona deyil, daha geniş coğrafiyaya fayda verəcək. Bundan başqa,
Azərbaycan və Ermənistan sülh və dövlətlərarası münasibətlərin
qurulması haqqında Saziş layihəsini də paraflayıb. Bu sənəd
mehriban qonşuluq əlaqələrinin əsasını müəyyən edir. Biz üzv
dövlətləri bu səylərə dəstək verməyə çağırırıq”, – bəyanatda
bildirilib.