
Bakı. Trend:
Bu ilin iyulunda Almaniyanın ixracatı iyunla müqayisədə 0,6
faiz, idxal isə 0,1 faiz azalıb. İyulda Almaniyadan 130,2 milyard
avro dəyərində mal ixrac edilib, ölkəyə 115,4 milyard avro
dəyərində məhsul idxal olunub. Ötən ilin müvafiq ayı ilə müqayisədə
ixrac 1,4 faiz, idxal isə 4,3 faiz artıb.
Trend xəbər verir ki, bu
barədə Federal Statistika İdarəsinin məlumatında bildirilib.
Ölkənin xarici ticarət saldosu iyulda 14,7 milyard avro təşkil
edib. Bu rəqəm iyunda 15,4 milyard avro, ötən ilin iyulunda isə
17,7 milyard avro olub.
Avropa İttifaqı (Aİ) ölkələrinə 74,8 milyard avroluq ixrac, 60,3
milyard avro dəyərində idxal həyata keçirilib. Bu, iyunla
müqayisədə müvafiq olaraq 2,5 faiz və 1,1 faiz çoxdur. Avrozonaya
isə ixrac 52 milyard avro (+2,5 faiz), idxal 39,8 milyard avro
(+1,3 faiz) təşkil edib.
Aİ xaricindəki ölkələrə ixrac 55,3 milyard avro, idxal 55,1
milyard avro olub. Almaniyadan ən çox ixracat ABŞ-a həyata
keçirilib. Bu rəqəm iyunla müqayisədə 7,9 faiz azalaraq 11,1
milyard avro təşkil edib. Bu, ardıcıl dördüncü aylıq azalma olmaqla
yanaşı, 2021-ci ilin dekabrından sonra ən aşağı göstəricidir. Çinə
ixrac iyunla müqayisədə 7,3 faiz azalaraq 6,4 milyard avro,
Birləşmiş Krallığa isə 3,1 faiz azalaraq 7 milyard avro olub.
İyulda Almaniyaya ən çox Çindən – 14,3 milyard avro dəyərində
mal gətirilib. Bu, əvvəlki aya nisbətən 2,4 faiz azdır. ABŞ-dan
idxal 10 azalaraq 7,8 milyard avroya düşüb, Birləşmiş Krallıqdan
idxal isə 7,8 faiz artaraq 3,2 milyard avroya çatıb.