
Bakı.Trend:
Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, 19–21 sentyabr
tarixlərində keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran
Prisi 2025 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi
məqsədilə 12 sentyabr gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin
Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən
olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq. Məhdudiyyət
tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının
keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə 15 sentyabr
gecə saat 01:00-dan 23 sentyabr səhər saat 08:00-dək nəqliyyatın
hərəkəti üçün bağlı olacaq. Məhdudiyyətlər tətbiq olunan zonalarda
giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün
olacaq.
Qeyd edək ki, son iki ilin təcrübəsinə əsaslanaraq, bu il də
şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində
bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq.
Belə ki, 15-16-17 sentyabr tarixlərində yarış zolağının aşağıda
sadalanan giriş-çıxış hissələri səhər saat 07:00-dan 09:00-dək,
axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və
durma olmadan sərbəst olacaq.
18 sentyabr tarixində isə səhər saat 07:00-dan 09:00-dək, axşam
isə saat 20:00-dan 22:00-dək bu yollar açıq olacaq.
Giriş nöqtələri:
- Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi
istiqamətində. - M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və
İstiqlaliyyət küçəsi istiqamətində. - S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti
istiqamətində. - Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti
istiqamətində. - Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi
istiqamətində.
Çıxış nöqtələri:
- Neftçilər prospektindən Bakı Dəniz Limanı və Crescent Mall
istiqamətində. - İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti
istiqamətində. - Neftçilər prospektindən Azneft dairəsi və Dəniz Mall
istiqamətində.
BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit
korridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna
olmaqla, Tranzit dəhlizləri açıq olduğu zaman, nəqliyyat
vasitələrinin parklaması, sərnişin minmə və enməsi qadağandır.
Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və
ictimai nəqliyyatın hərəkəti istisna edilir.
Nəqliyyatın hərəkəti ilə bağlı daha ətraflı məlumat BŞH-nin rəsmi veb
səhifəsində yerləşdirilib.