TAP avqustun sonuna olan qaz tədarükünün ölkələr üzrə bölgüsü ilə bağlı məlumatları açıqlayıb

Baş səhifə

Bakı. Trend:

2025-ci il yanvarın 1-dən avqustun 31-dək Transadriatik qaz
kəməri (TAP) vasitəsilə Avropaya 7,41 milyard kubmetr qaz nəql
edilib. Bu həcmin 0,66 milyard kubmetri Yunanıstana, 0,58 milyard
kubmetri Bolqarıstana, 6,12 milyard kubmetri isə İtaliyaya
çatdırılıb.

Bu barədə Trend-in
sorğusuna cavab olaraq TAP AG konsorsiumundan bildirilib.

“Müqaviləli kommersiya istismarına başlanıldıqdan bəri TAP
vasitəsilə 50 milyard kubmetrdən çox qaz nəql edilib. Yalnız avqust
ayında (1-dən 31-dək) nəql olunan həcmin miqdarı 0,97 milyard
kubmetr təşkil edib ki, bunun da təxminən 0,08 milyard kubmetri
Bolqarıstana, 0,08 milyard kubmetri Yunanıstana, 0,8 milyard
kubmetri isə İtaliyaya çatdırılıb”, – deyə konsorsiumdan
bildirilib.




Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda
yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir.
877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində
(Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və
beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik
dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.

TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi
Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci
ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan
(IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı
Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya,
həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının
daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.

TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz),
“Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).