Bakıda 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının növbəti günü öz işinə başlayıb

Baş səhifə

Bakı. Trend:

Bakıda Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının – “Baku
Water Week”in (Bakı Su Həftəsi) ikinci günü start götürüb.

Trend xəbər
verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)
dəstəyi ilə təşkil edilən sərginin ikinci günündə də kifayət qədər
canlılıq hiss olunur. Bu da təsadüfi deyil.

Belə ki, tədbirin ilk günündə “Su təmizlənməsi üçün kompleks
həllər” və “Su təchizatı və tullantı sularının obyektlərinin
kompleks mühəndisliyi vasitəsilə zəmanətli nəticələrin əldə
edilməsi” adlı təqdimatlar və s. müzakirə olunurdusa, bu gün 2-ci
Beynəlxalq Su Təsərrüfatı Konfransı baş tutacaq.




Konfransda 10-a yaxın ölkədən 40 məruzəçi çıxış edəcək, “Su
idarəetməsində liderlik: Regional və qlobal perspektivlər”
mövzusunda plenar sessiya, “Su strategiyaları: İnfrastruktur və
rəqəmsallaşdırma”, “Alternativ su mənbələrinin idarəedilməsində
innovativ yanaşmalar”, “Su diplomatiyası: Sərhədləri aşan
əməkdaşlıq”, “Su ehtiyatlarının davamlılığı: elm və innovasiyanın
rolu” adlı panel müzakirələri keçiriləcəkdir. Həmçinin dövlət və
özəl sektoru təmsil edən qurum və şirkətlər arasında anlaşma
memorandumları da imzalanacaq.

Ümumilikdə, sərgidə Azərbaycanla yanaşı, Almaniya, Amerika
Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya,
İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə
Ərəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndə
heyətləri iştirak edir.

Sərgidə təqdim olunacaq məhsul və xidmətlər çoxşaxəlidir: analiz
və laboratoriya texnologiyaları; bank xidmətləri; borular və boru
kəməri avadanlığı və məhsulları; bulud toxum səpmə texnologiyaları;
daşqınlardan qorunma texnologiyaları və sahilbərkitmə işləri;
drenaj üçün avadanlıqlar; elmi-tədqiqat institutları; hidrotexniki
qurğular; içməli suların emalı; su təchizatı və kanalizasiya; su
təchizatı və su təsərrüfatında inşaat və qazma texnikası və
avadanlığı; su təchizatı və su təsərrüfatında ölçmə, tənzimləmə və
nəzarət texnologiyaları; su təsərrüfatı obyektlərinin
layihələndirilməsi və tikintisi; su təsərrüfatında informasiya və
kommunikasiya texnologiyaları; su təsərrüfatında süni intellekt; su
təsərrüfatında təhsil, elmi araşdırmalar; suvarma sistemləri; suyun
duzsuzlaşdırılması texnologiyaları; tullantı və yağış sularının
axıdılması və emalı sistemləri.