
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) 2025-ci ilin yanvar–iyun aylarını
əhatə edən ekoloji monitorinq üzrə Yarımillik Hesabat layihəsini
dərc edib. Hesabatda Azərbaycanın dəmir yolu sektorunun inkişafına
dair, Sumqayıt–Yalama (Rusiya sərhədi) dəmir yolu xəttinin yenidən
qurulmasına yönəlmiş layihənin icrasında əhəmiyyətli irəliləyişin
əldə olunduğu qeyd olunur.
Bu barədə Trend
AİB-na istinadən məlumat verir.
Hesabata əsasən, tikinti işləri hazırda irəliləmiş mərhələdədir.
Podratçı hər iki lot üzrə yenilənmiş iş qrafikini təqdim edib: 1-ci
Lot üzrə işlərin 2025-ci ilin üçüncü rübündə, 2-ci Lot üzrə isə
ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Layihənin məqsədi Azərbaycanda dəmir yolu xidmətlərinin
yaxşılaşdırılması, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəqabətə
davamlılığının və maliyyə dayanıqlığının artırılması, həmçinin
əməliyyat və iqtisadi səmərəliliyin, eləcə də başlıca olaraq
Yalama–Sumqayıt sahəsi üzrə “Şimal–Cənub” nəqliyyat dəhlizinin
ötürücülük qabiliyyətinin artırılmasıdır.
Layihə iki lota bölünüb:
1-ci Lot Sumqayıt stansiyasından (km 2622+175) Gilgilçay
stansiyasınadək (km 2538+200) olan sahəni əhatə edir və ikixəttli
elektrikləşdirilmiş hissəni nəzərdə tutur.
2-ci Lot Gilgilçay stansiyasından (km 2538+200) Rusiyayla
sərhəddə yerləşən Yalama stansiyasınadək (km 2454+454) olan sahəni
əhatə edir.
Tikinti işləri ilə yanaşı, layihəyə layihələndirmə hissəsi də
daxildir. Nəzəri cəhətdən layihələndirmə işləri 100 faiz
tamamlanıb, lakin bəzi cüzi işləmələr və maraqlı tərəflərlə
razılaşdırmalar hələ ki, başa çatdırılmayıb .
Bu düzəlişlər əsasən yeni və ya yenilənmiş ox dəyişdiricilərinin
mövcud infrastrukturla inteqrasiyası və stansiyalarda suötürücü
sistemlərin qoşulması ilə bağlıdır və ümumi icra prosesinə təsir
göstərmir.