Azərbaycanda beynəlxalq IT şirkətinin mərkəzi açılıb

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 11-də “Andersen Lab” beynəlxalq IT şirkətinin
Azərbaycandakı mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Trend xəbər verir
ki, Mərkəz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və
təşkilati dəstəyi ilə Azərbaycan İnnovasiya Mərkəzində fəaliyyətə
başlayıb.

Dünyanın 19-dan artıq ölkəsində fəaliyyət göstərən və 3700-dən
çox mütəxəssisi birləşdirən şirkət ötən ilin oktyabrından etibarən
ölkəmizdə texnopark rezidenti statusu ilə çalışır.

Açılış mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev mərkəzdə yaradılan şəraitlə tanış olub.
Mərkəzin və layihənin əhəmiyyəti barədə İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov çıxış
edib. Daha sonra “Andersen Lab” şirkətinin təsisçisi Aleksandr
Komiç və vitse-prezident Denis Astaçpeniya mərkəzin fəaliyyəti və
proqram istiqamətləri barədə təqdimat ediblər. Tədbirdə həmçinin
şirkətin dövlət orqanları ilə əlaqələr direktoru Kirill Rudi
iştirak edib.

Yeni mərkəz gənclərə yalnız nəzəri biliklər deyil, həm də real
layihələr üzərində işləmək imkanı təqdim edir. Burada gənc
mütəxəssislər biliklərini praktikada möhkəmləndirə, beynəlxalq
səviyyədə tələb olunan bacarıqlar əldə edə bilərlər. Mərkəz həm də
“Andersen Lab” Azərbaycandakı əməkdaşlarının rəsmi iş yeri
funksiyasını yerinə yetirir.




Mərkəzin əsas hədəfləri insan kapitalının inkişafına dəstək
vermək, İT sahəsində peşəkar kadr çatışmazlığını aradan qaldırmaq,
həmçinin İKT xidmətlərinin ixracını gücləndirməkdir.

Hazırda mərkəzin ən iri layihələrindən biri “IT SkillsBridge”
proqramıdır. Bu unikal proqram çərçivəsində iştirakçılar “Java”,
“JavaScript”, biznes-analitika, keyfiyyətə nəzarət, “DevOps”, mobil
proqramlaşdırma və layihə idarəetməsi üzrə bilik və bacarıqlar
qazanırlar. Proqrama ümumilikdə 14 mindən çox müraciət daxil olub,
seçimdən sonra 210 nəfər təhsilə buraxılıb. Müvafiq iştirakçılar
“Andersen Lab”da işə qəbul edilərək əmək müqavilələri imzalayıb və
təqaüdlərlə təmin olunublar. Proqramı uğurla başa vuran 100 nəfər
“Andersen Lab”da fəaliyyətini davam etdirəcək və şirkətin qlobal
layihələrinin iştirakçısı olacaqlar.

Proqram iştirakçılarının 30%-ni qadınlar, 70%-ni isə kişilər
təşkil edir. Yaş tərkibinə görə: 50% iştirakçı 20–25 yaş
aralığında, 30% 25–30 yaş aralığında, 20% isə 30–35 yaş
aralığındadır.

Proqram Azərbaycan İT mütəxəssislərinin beynəlxalq layihələrdə
iştirakını genişləndirəcək və ölkənin qlobal rəqəmsal xidmətlər
bazarına sürətli inteqrasiyası üçün şərait yaradacaq. Nəticədə İKT
xidmətlərinin ixracının artacağı və həyata keçirilən layihələr
hesabına ölkə iqtisadiyyatına əlavə gəlirlərin daxil olacağı
gözlənilir.