
Bakı. Trend:
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə keçiriləcək Nəsimi festivalının maraqlı təqdimatlardan biri də
“Zamansız və məkansız” sərgisi olacaq.
Trend xəbər verir ki, sərginin açılışı
festivalın ilk gününə – sentyabrın 23-nə təsadüf edir. Azərbaycan
Milli Xalça Muzeyində açılacaq ekspozisiyada Nəsimi poeziyası və
onun fəlsəfəsi, həmçinin sufi ənənələri və baxışları müxtəlif
incəsənət növlərinin ahəngi vasitəsilə təqdim olunacaq. Bu məqsədlə
nümayiş üçün Azərbaycan və Türkiyənin aparıcı muzeylərindən nadir
sənət inciləri seçilib. İzləyicilər Milli Azərbaycan Tarixi
Muzeyinin kolleksiyalarında, Azərbaycan Milli Xalça Muzeyinin
fondlarında saxlanılan unikal incəsənət nümunələri, eləcə də
Ankaradakı Etnografiya Muzeyi, İstanbul Türbələr Muzeyi, Konyadakı
Mövlanə Muzeyindən gətirilən eksponatlarla tanış ola
biləcəklər.
Burada XVII-XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri,
xalçalar, musiqi alətləri, əlyazma kitab və digər qiymətli
eksponatlar sərgilənəcək. Həmin sənət incilərinin hər biri sufi
dünyagörüşünün izlərini özündə yaşadaraq sufiliyin və hürufiliyin
əsasını təşkil edən sonsuz eşqi, insanın ibadətlə Allaha mənəvi
yaxınlaşması və ruhi yüksəlişini izah edəcək.
Ekspozisiya oktyabrın 23-dək açıq olacaq.