
Bakı. Trend:
Təklif olunan dəyişiklikdə müəllimlərin işə qəbulu üzrə
imtahanda ilk dəfə iştirak edən bütün vətəndaşlar üçün tamamilə
ödənişsiz əsasların saxlanılmasını nəzərdə tutur. Bu, dövlətin
sosial yönümlü siyasətinə tam cavab verir və vətəndaşların ilk
cəhddə bərabərlik hüququnu məhdudlaşdırmır.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin
Mirzəbəyli komitənin bugünkü iclasında “Ümumi təhsil haqqında”
Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi
zamanı deyib.
Millət vəkili bildirib ki, ödəniş yalnız təkrar müraciətlərdə
tətbiq olunur:
“Yəni, söhbət ümumi hüququn məhdudlaşdırılmasından deyil,
resurslardan daha məsuliyyətli istifadənin təşviqindən gedir.
Digər tərəfdən, təklif olunan dəyişiklik ictimai və iqtisadi
zərurətdən irəli gəlir. Hər il minlərlə insan imtahanlarda iştirak
edir və dövlət büdcəsindən ciddi vəsait sərf olunur. Təkrar
müraciətlərin çoxluğu isə əlavə maliyyə yükü yaradır.
Büdcənin qənaətlə idarə olunması dövlətin əsas vəzifələrindən
biri olduğu üçün prosesə bütün iştirakçı tərəflərin məsuliyyətlə
yanaşması zəruridir.
Layihədə sosial ədalət prinsipi tamamilə qorunur. Çünki əlilliyi
olan şəxslər, şəhid ailələri, müharibə veteranları, aztəminatlı
ailələrin üzvləri və ilk dəfə müraciət edənlər bu ödənişdən tam
azaddırlar. Bu istisnalar həm Konstitusiyanın bərabərlik
prinsipinə, həm də dövlətin sosial siyasətinə uyğun olaraq ən
həssas təbəqələri müdafiə edir.
Təklif olunan dəyişiklik məsuliyyətli yanaşmanı təşviq edir.
Təkrar imtahanların ödənişli olması namizədləri daha ciddi
hazırlaşmağa, ilk cəhddə uğur qazanmağa sövq edəcək ki, bu həm
müəllimlərin peşəkarlıq səviyyəsinə, həm də təhsil sisteminin
keyfiyyətinə müsbət təsir göstərəcək.
Nəhayət, bu dəyişiklik beynəlxalq təcrübəyə də uyğundur. Bir çox
ölkələrdə müəllimlərin işə qəbul proseslərinin təkrar
mərhələlərində rüsum tətbiq olunur. Bu, nəinki hüquqların pozulması
kimi, əksinə, ədalətli və məsuliyyətli idarəetmənin tərkib hissəsi
kimi qiymətləndirilir”.
Deputat vurğulayıb ki, ödənişli iştirak sistemi beynəlxalq
praktikada iki başlıca şərtə əsaslanır:
“Birincisi, ədalətlilik – yəni ödənişdən aztəminatlı və həssas
sosial qruplar azad edilir. Bizim layihədə də məhz bu mexanizm
nəzərdə tutulur: təkrar imtahanlar zamanı əlilliyi olan şəxslər,
şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələr
ödənişdən azaddır.
İkincisi, məsuliyyətlilik – ödəniş mexanizmi namizədləri daha
ciddi hazırlaşmağa və imtahana məsuliyyətlə yanaşmağa sövq
edir”.
E.Mirzəbəyli qeyd edib ki, bu dəyişiklik dövlət büdcəsinin
səmərəli istifadəsinə və müsabiqə iştirakçılarının məsuliyyətli
davranışına xidmət etdiyi üçün dəstəklənməlidir.

