
Bakı. Trend:
“Andersen Lab” ilə birgə həyata keçirilən tədris proqramı böyük
maraq doğurub — İştirak üçün 14 mindən çox mütəxəssis müraciət
edib.
Trend xəbər verir
ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri
Fərid Osmanov “Andersen Lab” beynəlxalq İT şirkətinin
Azərbaycandakı mərkəzinin açılışı çərçivəsində danışıb.
Onun sözlərinə görə, agentlik həm IT təşkilatların o cümlədən
beynəlxalq olanlarının formalaşdırılmasını, həm də müasir bilik və
bacarıqlara malik mütəxəsislərin hazırlanmasını və onların əmək
bazarına çevik şəkildə inteqrasıyasını dəstəkləyir.
“Tədris prosesində iştirak etmək üçün 210 nəfər dəvət olunub.
Proqramın xüsusiyyəti nəzəri biliklərin praktik təcrübə ilə
birləşdirilməsidir: azərbaycanlı mütəxəssislər real beynəlxalq
layihələrin icrasında iştirak edəcəklər ki, bu da ölkənin ixrac
potensialını gücləndirir və qlobal İT layihələrində iş təcrübəsi
qazanmağa imkan yaradır”,- deyə o bildirib.
F.Osmanov qeyd edib ki, gələcəkdə “Andersen Lab” layihələrinin
yalnız Bakıda deyil, Azərbaycanın regionlarında da həyata
keçirilməsi planlaşdırılır.

