
Bakı. Trend:
Sentyabrın 11-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası
vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi
sənədlərin elan olunması ilə davam etdirilir.
Trend xəbər
verir ki, elan edilən sənədlərdən biri 1990-cı il martın 24-də
Sədərəyə Ermənistanın Ararat rayonunun Yerasx kəndi tərəfdən 2 ədəd
raket atılması faktı ilə bağlı olub. Həmin vaxt raketlərdən biri
havada yanıb, digəri isə Sədərək sakini Qasımov İsmayıl Bayram
oğlunun həyətindən bir qədər aralıda yerə düşərək partlayıb.
Növbəti sənədlər Şahbuz rayonunun Şada kəndində 6 nəfərin
xəsarət alması, Tovuz rayonunun Qışlaq və digər kəndlərin atəşə
tutulması faktları ilə bağlı olub. İstintaqla müəyyən edilib ki,
Ermənistanın Şəmşəddin rayonundan 1990-cı il martın 27-də saat
17:00 radələrindən başlayaraq saat 00:00-dək Tovuz rayonunun
Qışlaq, Yuxarı Hacallı, Əlibəyli kəndləri odlu silahlarla güclü
atəşə tutulub. Hadisə zamanı mülki əhali arasında xəsarət alanlar
olub.
Bundan başqa, Vəli Zeynalovun öldürülməsi faktı üzrə sənəd də
elan edilib. Bildirilib ki, 1990-cı il martın 27-28-də
Ermənistandan müxtəlif kalibrli silahlarla Babək rayonunun
Gərməçataq kəndinə hücum edilərək 10 ev yandırılıb, Naxçıvan
Vilayət Komitəsinin Dövlət hüquq şöbəsinin müdiri Zeynalov Vəli
Məmməd oğlu avtomat silahla qətlə yetirilib.
Elan olunan digər sənədə əsasən, 1990-cı il iyulun 11-də
Bərdə-İstisu yolunun 93-cü kilometrində Ağdərə rayonunun Qozlukörpü
kəndi yaxınlığında 16 ədəd avtomobilin daxil olduğu karvanının
avtomat silahlardan atəşə tutulması nəticəsində 3 nəfərin ölüb, 22
nəfər yaralanıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.