
Bakı. Trend:
Bakı üçün su infrastrukturunun inkişafını davam etdirmək
xüsusilə önəmlidir.
Trend xəbər verir
ki, bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin direktoru
Sunniya Durrani-Camal Bakıda keçirilən Beynəlxalq Su Təsərrüfatı
Sərgi və Konfransının (“Baku Water Week” – “Bakı Su Həftəsi”) “Su
strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma” mövzulu panel
müzakirələrində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, paytaxt üçün prioritet istiqamətlər su
hövzələrinin qorunması və idarə olunması, həmçinin ənənəvi
infrastrukturun – suvarma və drenaj sistemlərinin bərpasıdır.
Durrani-Camal vurğulayıb ki, iqlim dəyişikliyi həm su sektoruna
investisiyalar üçün təhdidlər, həm də imkanlar yaradır.
Perspektivli istiqamətlər arasında o, məlumat və texnologiyalardan
istifadəni – su resurslarının sensor və peyk monitorinqindən tutmuş
sənaye və ev təsərrüfatlarında suyun səmərəli istifadəsi üçün
ağıllı sayğaclara, eləcə də, proqnozlaşdırma və rəqəmsal
modelləşdirmə üçün süni intellektin tətbiqini qeyd edib.
O, həmçinin, təbii həllərin, məsələn, meşələrin bərpası və su
hövzələrinin idarə olunmasının əhəmiyyətini vurğulayıb. Bu
tədbirlər həm dövlətlər, həm də yerli icmalar üçün nisbətən ucuz və
səmərəli ola bilər, suyun istifadəsini və qorunub-saxlanılmasını
yaxşılaşdıra bilər.

