
Bakı. Trend:
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi geniştərkibli
nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA)
30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə
Sinqapurda işgüzar səfərdə olub.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbirdə Baş prokurora ötən il Bakıda Baş
Prokurorluğun təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmiş
Assosiasiyanın 29-cu Ümumi Yığıncağının uğurlu təşkilinə görə
təltifnamə təqdim olunub. Bununla əlaqədar çıxış edən Baş prokuror
qeyd edib ki, bu mükafat ölkəmizin beynəlxalq aləmdə artan
nüfuzunun bariz göstəricisi olmaqla yanaşı, Azərbaycan
Prokurorluğunun qlobal miqyasda səmərəli fəaliyyətinə verilən
yüksək qiymətin təzahürüdür.
Konfrans zamanı, həmçinin “İqtisadi cinayətlər və aktivlərin
bərpası üzrə ixtisaslaşmış şəbəkə” adlı sessiya təşkil olunmuşdur.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin
idarə rəisi İsfəndiyar Hacıyevin moderatorluğu ilə keçirilən
sessiyada Azərbaycan Respublikasının Baş prokurorunun müavini
Heydər Məmmədov “İqtisadi cinayətlərin araşdırılmasında və
aktivlərin qaytarılmasında texnologiya əsaslı yanaşmalar –
Azərbaycan təcrübəsi” mövzusunda çıxış edərək, ölkəmizdə maliyyə
cinayətlərinin istintaqı, aktivlərin qaytarılması, süni intellekt
və müasir texnologiyaların tətbiqi sahəsində əldə edilmiş təcrübə
barədə iştirakçıları məlumatlandırıb.
Tədbir çərçivəsində Baş prokuror Böyük Britaniyanın Kral
Prokurorluğu Xidmətinin rəhbəri, Səudiyyə Ərəbistanı Krallığı,
İsveç Krallığı və Litva Respublikasının Baş prokurorları, eləcə də
Malayziya və Braziliya Federativ Respublikasının Baş
prokurorlarının müavinləri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və
inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xüsusilə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təcrübə
və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri diqqət
mərkəzində olub, tərəflər beynəlxalq cinayətkarlığa qarşı
mübarizədə qarşılıqlı etimada əsaslanan birgə fəaliyyətlərin
əhəmiyyətini vurğulayaraq, əməkdaşlıq haqqında Memorandumun
imzalanması imkanlarını da müzakirə ediblər.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran bəzi konket cinayət
işlərinin istintaqı ilə bağlı məsələlər ətrafında da fikir
mübadiləsi baş tutub.
Tədbirdə, həmçinin, ölkəmizin İndoneziya Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev də iştirak edib.

