
Bakı. Trend:
Norm şirkətinin dəstəyi ilə Norm Ustalar Klubunda həyata
keçirilən “Təhsilli Gələcəyəm” layihəsinin iştirakçılarından 12
nəfər ali məktəblərə keçirilən qəbul imtahanlarını müvəffəqiyyətlə
başa vuraraq, tələbə adını qazanıb. Sözügedən layihəyə ötən ilin
sentyabrında başlanılmışdı. Müxtəlif bölgələrdən olan ustaların
övladları ali təhsil ocaqlarına hazırlanmaq məqsədilə 10 aylıq
intensiv hazırlıq kurslarına cəlb olunmuş və eyni zamanda, layihə
boyunca müxtəlif təlim proqramlarında iştirak etmişdilər.
Qeyd edək ki, Norm Ustalar Klubunda mütəmadi olaraq, ustaların
özləri ilə yanaşı, onların müxtəlif yaş kateqoriyalarında olan
övladları üçün bir sıra təhsil və inkişaf layihələri həyata
keçirilir. Bu cür təşəbbüslərlə şirkət inşaat ustalarının sosial
statusunun yüksəldilməsinə, onların övladlarının gələcəkdə savadlı,
peşəkar kadr kimi yetişməsinə töhfə verir. Beləliklə, sənaye
sahəsinin liderlərindən biri kimi Norm, sosial məsuliyyət
istiqamətində də nümunəvi addımlar atmaqla, dayanıqlı inkişafı
dəstəkləyir. Şirkət 10-dan çox ölkədə enerji, telekommunikasiya,
yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən
beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə
daxildir.