
Bakı. Trend:
“Apple” korporasiyası yeni “iPhone”nun qiymətini 2 min dollara
qaldırmağı planlaşdırır.
Trend bu barədə
“Bloomberg” agentliyi öz mənbələrinə istinadən yazır.
Agentliyin məlumatına görə, “Apple” 2017-ci ildə “iPhone X”
modelini təqdim edəndə şirkət təkcə üz tanıma funksiyasını və
çərçivəsiz ekranı tətbiq etmədi, həm də yeni bir kateqoriya – 1 min
dollarlıq smartfon yaratdı. Bildirilir ki, satışa buraxılmasından
səkkiz il keçməsinə baxmayaraq, qiymətlər cüzi artıb.
“Bloomberg” qeyd edir ki, “iPhone 17” təqdimatından əvvəl
analitiklər ABŞ prezidenti Donald Trampın Çin mallarına tətbiq
etdiyi tariflər səbəbindən əhəmiyyətli bahalaşma
proqnozlaşdırırdı.
Lakin qiymət artımı gözləniləndən daha yumşaq oldu. Pro
modellərin qiyməti 999 dollardan 1099 dollara qalxdı, amma “Apple”
bunu qismən kompensasiya edərək cihazların baza yaddaş həcmini 256
GB-a qədər artırdı.
“Apple” tariflərdən yaranan əlavə xərcləri sonsuza qədər
qarşılaya bilməyəcək və “iPhone” istehsalının Çindən Hindistana
köçürülməsi də artan maya dəyəri problemini aradan qaldırmayacaq.
Şirkət artıq 2 min dollarlıq “iPhone” dövrünün yaxınlaşdığına dair
siqnallar verir, deyə məqalədə vurğulanır. “Bloomberg” qeyd edir
ki, “iPhone 17 Pro Max” ilk dəfə olaraq 2 terabayt yaddaşa malik
versiyanı 1999 dollara təklif edir.

