
Bakı. Trend:
Dünyanın çirkab suların təmizlənməsi üzrə ixtisaslaşmış aparıcı
şirkətlərindən olan Almaniyanın “BIOWORKS” şirkəti hal-hazırda
Abşeron yarımadasının yaşılaşdırılması və suvarılması üçün sudan
təkrar istifadə üzrə layihə hazırlayır.
Bunu Trend-ə
“BIOWORKS” şirkətinin regional nümayəndəsi Yusif Məmmədli Bakıda
keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı çərçivəsində
(“Baku Water Week” – “Bakı Su Həftəsi”) deyib
“Hal-hazırda biz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə
texniki ehtiyaclar, o cümlədən suvarma üçün təmizlənmiş suyun
təkrar istifadəsini nəzərdə tutuan layihə üzrə əməkdaşlıq edirik.
Əsas məqsədimiz Azərbaycanda təmizlənmiş suların yalnız Abşeronda
deyil, ölkənin digər bölgələrində də ikinci dəfə istifadəsini təmin
etməkdir”, – o bildirib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda artıq 3 layihə
gerçəkləşdirib. Şamaxı və Şahbuzda “BIOWORKS”un tətbiq etdiyi
innovativ texnologiyalar əsasında uzunmüddətli aerasiya sistemləri
qurulub. Naxçıvanda su təmizlənməsinin ən yüksək səviyyəsini təmin
edən membran bioreaktor sistemi (MBR) qurulub.
Qeyd edək ki, 2007-ci ildə Münhen şəhərində yaradılmış
“BIOWORKS” şirkəti texniki və digər ehtiyacların qarşılanması üçün
çirkab və sənaye sularının sonradan istifadə imkanı ilə
təmizlənməsi ilə məşğul olur.