
Bakı. Trend:
11 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi
Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend
xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, qonaqları salamlayan Dövlət Komitəsinin sədri
Bahar Muradova, Azərbaycanın geosiyasi mövqeyindən irəli gələrək,
vacib dəhlizlərin inkişafına mühüm töhfələr verdiyini və AQEM-in
Beyin Mərkəzləri Forumunun ilk dəfə olaraq Çindən kənarda məhz
Azərbaycanda baş tutmasının əlamətdar olduğunu vurğulayıb.
O, ölkəmizin digər beynəlxalq təşkilatlarda həyata keçirdiyi
siyasətin AQEM-ə sədrliyi dönəmində də uğurla davam etdiriləcəyinə,
Çin və Avropanı birləşdirən dəhlizlərin qovşağında yerləşən
ölkəmizin ölkələr və xalqlar arasında sülh, təhlükəsizlik və
əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə
edib.
Dialoq üçün platforma olan AQEM-in artıq beynəlxalq təşkilata
çevrilməkdə olduğunu, yenidən təsisatlanma və inkişaf dövrünü
yaşadığını bildirib. Təşkilatın gələcək fəaliyyətində ailə
institutunun əhəmiyyətinin və qadınların gücləndirilməsi
məsələlərinin əsas xətt olacağını bidirən sədr, bu yanaşmanın
təşkilata üzv ölkələr arasında həmrəyliyə və cəmiyyətlərin
inkişafına mühüm töhfə verəcəyinə inandığını diqqətə çatdırıb.
Kayrat Sarıbay AQEM-in mövcudluğu dövründə həyata keçirdiyi
fəaliyyətlərə toxunaraq qeyd edib ki, təşkilat ötən müddət ərzində
üzv dövlətlər arasında qarşılıqlı etimadın formalaşdırılması,
təsisatlanma prosesinin gücləndirilməsi, eləcə də dialoqun təşviqi
və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli
irəliləyiş əldə edib.
Baş katib Azərbaycanın AQEM-dəki fəal rolunu və sədrliyi
dövründə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirərək,
təşkilatın inkişafı və beynəlxalq səviyyədə daha səmərəli fəaliyyət
göstərməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.
Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib. Tərəflər
yaxın gələcəkdə AQEM çərçivəsində birgə tədbirlərin təşkili və
əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində razılığa
gəliblər.

