
Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müasir biznes
təhsili modeli quruculuğu istiqamətində növbəti addım atıb.
Ölkədə ilk dəfə olaraq, “Synergia Academy”nin təşəbbüsü və
dəstəyi ilə Türkiyənin Sabancı Universiteti və UNEC-in birgə həyata
keçirdiyi Mini MBA proqramının açılışı olub.
UNEC rektoru professor Ədalət Muradovun iştirakı ilə keçirilən
üçtərəfli görüşdə Sabancı Universitetinin prorektoru Prof. Dr. Cem
Güneri, Synergia Academy-nin baş icraçı direktoru Rəna Əfəndiyeva,
digər nümayəndələr, eləcə də proqramın təlimçiləri iştirak
ediblər.
Görüşdə proqramın məqsədi, hədəfləri və gələcək perspektivləri
müzakirə olunub. Qeyd edilib ki, məqsəd real sektorla birlikdə əmək
bazarının tələblərinə uyğun biznes təhsilini təşkil etmək, həmçinin
xarici universitetin cəlb edilməsi ilə qlobal biliklərin yerli
kontekstə uyğunlaşdırılmasıdır. Orta və yüksək rəhbər vəzifələrdə
çalışan mütəxəssislər, biznes sahibləri, ümumiyyətlə, biznes
sahəsində əhatəli bilik əldə etmək istəyən şəxslər üçün nəzərdə
tutulmuş modul əsaslı Mini MBA proqramının nəzəri bilikləri
praktiki tətbiqlə birləşdirəcəyi diqqətə çatdırılıb.
Rektor Ədalət Muradov Mini MBA proqramının ölkədə pilot layihə
olduğunu deyərək, biznes təhsili modelinin qurulmasının və rəqabət
mühitinin təhsil sahəsinə gətirilməsinin əhəmiyyətini vurğulayıb.
Bildirib ki, Mini MBA proqramı beynəlxalq standartlara uyğun bilik
və bacarıqlar təqdim edərək karyera inkişafı üçün əvəzsiz fürsət
yaradacaq.
Sabancı Universitetinin prorektoru Prof. Dr. Cem Güneri Mini MBA
proqramının Azərbaycanın təhsil və biznes ekosistemi üçün strateji
əhəmiyyət daşıdığını qeyd edib və iştirakçılara qlobal standartlara
uyğun, praktiki biliklər təqdim etməyə hazır olduqlarını
bildirib.
Synergia Academy-nin baş icraçı direktoru Rəna Əfəndiyeva isə
proqramın ölkədə müasir biznes bacarıqlarına olan ehtiyacı
qarşılamaqla yanaşı, universitet təhsili ilə real biznes dünyası
arasında körpü rolunu oynayacağını deyib. O, proqramda 16
iştirakçının yer aldığını və təlimçilərin yerli və beynəlxalq
təcrübəyə malik mütəxəssislərdən ibarət olduğunu vurğulayıb.