
Bakı. Trend:
“Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və
Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Sonsuz
qardaşlıq – IV” çoxmillətli birgə təlimi türk-İslam aləminin bütün
dünyaya birlik, həmrəylik mesajıdır”.
Bunu Trend-ə
açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, bu cür təlimlər hər şeydən öncə dost
ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi baxımından
mühüm əhəmiyyətə malikdir:
“Sonsuz qardaşlıq-IV” təlimi Azərbaycanla dost-qardaş dövlətlər
arasındakı hərbi əməkdaşlığın dərinləşdirilməsi və
genişləndirilməsi, bu sahədə yeni layihələrin həyata keçirilməsi
baxımından böyük önəm kəsb edir. Bu cür təlimlər həm bizə, həm də
hərbi sahədə əməkdaşlıq etdiyimiz dövlətlərə imkan verir ki,
ordularımızın peşəkarlığını, döyüş hazırlığını artıraq, müasir
hərbi yeniliklərin döyüş şəraitində tətbiqinə hazır olaq.
Bu gün dünyanın bütün ordularında əsas zərbə qüvvəsinin xüsusi
təyinatlılar təşkil etdiyi, müharibələrin əsas yükünün məhz bu
katqoriyadan olan hərbçilərin üzərinə düşdüyü heç kimə sirr deyil.
44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Ona
görə də Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və
Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Sonsuz
qardaşlıq – IV” çoxmillətli birgə təliminin keçirilməsi odluqca
önəmli və təqdirəlayiqdir”.
Polkovnik bu təlimlərin dövlətlər arasındakı siyasi
münasibətlərə göstərdiyi təsirə də diqqət çəib:
“Birgə hərbi təlimlər mahiyyət etibarilə dövlətlər arasındakı
siyasi münasibətlərə də ciddi təsir göstərir, bu münasibətlərin də
genişlənməsinə zəmin formalaşdırır. Hərbi təlimlər sayəsində
dövlətlər arasında təmas artır ki, bu da həm siyasi, həm də
iqtisadi sahədə əməkdaşlıq üçün yeni imkan və perspektivlərin
ortaya çıxmasına şərait yaradır. Buna görə də bu cür hərbi
təlimlərin Azərbaycanla dost dövlətlər arasında siyasi-iqtisadi
sahədəki əməkdaşlığı genişləndirəcəyi şübhəsizdir”.
Polkovnik təlimin məqsəd və istiqamətlərindən də danışıb:
“Təlimin əsas məqsədi xüsusi təyinatlı qüvvələrin döyüş
hazırlığını daha da yüksəltmək, onların bilik və bacarığını inkişaf
etdirməkdir. Onu da qeyd edək ki, bu təlimlər hər hansı üçüncü
tərəfə qarşı yönəlməyib və yalnız sülh və təhlükəsizlik naminə
əməkdaşlığı nəzərdə tutur. Buna görə də bu təlimlər regional və
qlobal sülh naminə atılan addım kimi dəyərləndirilməlidir”.

