
Bakı. Trend:
11 sentyabr 2025-ci il tarixində Almatıda Avropa və Asiya üzrə
Regional Hava Naviqasiya Təhlükəsizliyi Koordinasiya Platformasının
(SOCEA) Baş Assambleyası keçirilib. Bu mühüm beynəlxalq forum
Avropa və Orta Asiyanın müxtəlif ölkələrindən olan aeronaviqasiya
xidmət təminatçılarını (ANSP) bir araya gətirərək uçuşların
təhlükəsizliyi, hava hərəkəti axınlarının koordinasiyası və
regional hava məkanının rəqəmsal inteqrasiyası üzrə birgə həllərin
hazırlanmasına xidmət edir.
Azərbaycanı tədbirdə AZCON Holding şirkətlərindən olan
“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava
Hərəkəti İdarəsi (AZANS) təmsil edir. AZANS hökumətlərarası
əməkdaşlığın genişləndirilməsi və ölkəmizin Avrasiya aeronaviqasiya
arxitekturasındakı rolunun möhkəmləndirilməsi istiqamətində ardıcıl
fəaliyyətini davam etdirir.
Almatı Baş toplantısında “Azəraeronaviqasiya” Hava Hərəkəti
İdarəsinin direktoru SOCEA-nın Prezidenti seçilib və təşkilatın
sədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycana
ötürülüb. Bu addım Azərbaycanın Avrasiya miqyasında təhlükəsiz,
qarşılıqlı uyğunlaşdırılmış və texnoloji baxımdan inkişaf etmiş
hava məkanının formalaşdırılmasındakı aparıcı rolunun beynəlxalq
səviyyədə tanınmasını bir daha təsdiqləyir.
SOCEA platforması 2023-cü ildə Azərbaycan və Türkiyənin
təşəbbüsü ilə yaradılıb və fəaliyyətə başladığı vaxtdan etibarən
uçuş təhlükəsizliyi strategiyalarının uyğunlaşdırılması, rəqəmsal
həllərin tətbiqi, eləcə də hava hərəkəti idarəetmə proseslərinin
regional səviyyədə inkişafı və standartlaşdırılmasına mühüm töhfə
verib.
Hazırda SOCEA-ya Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan,
Tacikistan və Qazaxıstanın aeronaviqasiya xidmət təminatçıları
daxildir. Bu əməkdaşlıq regionun hava məkanında təhlükəsizlik və
effektivlik üçün vahid yanaşma formalaşdırır.
SOCEA-nın inkişafı və gələcəkdə hava limanlarının da platformaya
qoşulması, qlobal hava nəqliyyatı zəncirinin möhkəmləndirilməsi
baxımından həyati əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı
çərçivəsində dəstəklənən bu əməkdaşlıq Avropa–Mərkəzi Asiya
Rəqəmsal Səması (E-CADS) layihəsinin həyata keçirilməsinə yol
açacaq.
Bu təşəbbüs Avropa və Asiya arasında hava hərəkəti
idarəetməsinin qarşılıqlı inteqrasiyasını təmin etməklə, uçuşların
təhlükəsizliyini, müntəzəmliyini və davamlılığını artıracaq.
Qeyd edək ki, Azərbaycan hava məkanı Şərqlə Qərb arasında əsas
tranzit dəhlizlərindən biridir və ildə 200 mindən çox uçuşa xidmət
göstərir. AZANS beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsi və
hava hərəkətinin idarə olunmasında müasir həllərin tətbiqi
istiqamətində fəaliyyətini davam etdirəcək.