
Bakı. Trend:
Niderlandın ING bank qrupu yaxın illər üçün Azərbaycanda ümum
daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu dərc edib.
Bu barədə Trend
xəbər verir.
Sənədə əsasən, 2025 və 2026-cı illərdə Azərbaycanda iqtisadi
artım müvafiq olaraq 2,2 faiz və 2,5 faiz təşkil edəcə. 2027-ci
ildə isə artım tempinin 2 faizə qədər zəifləyəcəyi gözlənilir.
ING-nin qiymətləndirməsinə görə, rüblər üzrə bölgüdə 2025-ci
ilin dördüncü rübündə Azərbaycanın ÜDM artımı 4,5 faiz təşkil
edəcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin
məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda
83 milyard manat dəyərində ümumi daxili məhsul istehsal olunub ki,
bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri-neft-qaz
sektorunda isə 2,6 faiz artım qeydə alınıb. ÜDM-in strukturunda
34,9 faiz sənayenin, 10,3 faiz ticarət və nəqliyyat vasitələrinin
təmiri, 7,1 faiz nəqliyyat və anbar təsərrüfatı, 6,3 faiz kənd
təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, həmçinin tikinti, 2,8
faiz turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faiz
informasiya və rabitə sahəsinin, 20,7 faiz isə digər sektorların
payına düşüb. Məhsul və idxal üzrə xalis vergilər ÜDM-in ümumi
həcminin 9,8 faizini təşkil edib.