Orta Dəhlizin inkişafı orta səviyyəli fiskal təsir göstərəcək — Moody’s

Baş səhifə

Bakı. Trend:

Orta Dəhlizin inkişafı əlavə büdcə xərclərini tələb edəcək,
lakin fiskal intizam təcrübəsi və analoji ölkələrlə müqayisədə daha
aşağı borc yükü hesabına müəyyən fiskal potensialın mövcudluğu
“Moody’s”ə orta səviyyəli fiskal nəticələri proqnozlaşdırmağa imkan
verir.

Trend bu barədə
agentliyə istinadən xəbər verir.

“Uzunmüddətli perspektivdə iqtisadi gözləntilərin yaxşılaşması
və diversifikasiya təsirləri daha geniş gəlir bazasını dəstəkləyə,
eyni zamanda büdcənin şoklara qarşı dayanıqlığını artıra bilər”, –
“Moody’s”in son hesabatında qeyd olunur.

Reytinq agentliyinin analitikləri vurğulayırlar ki, Orta Dəhliz
boyunca yerləşən əsas iqtisadiyyatlar – Azərbaycan, Gürcüstan və
Qazaxıstan, infrastrukturun müasirləşdirilməsi üçün tələb olunan
mühüm resurslara malik olmalarına baxmayaraq, fiskal dayanıqlığı
qoruyub saxlayıblar.




“Dövlət müəssisələri- ilk növbədə dəmir yolu şirkətləri,
xərclərin mühüm bir hissəsini daşıyır. Ayrı-ayrı layihələr
beynəlxalq institutlar tərəfindən güzəştli şərtlərlə
maliyyələşdirilib ki, bu da xərcləri azaldıb. Həmin dövlət
müəssisələri həm birbaşa büdcə vəsaitləri, həm də subsidiyalar
alır. Belə ki, Qazaxıstanın nəqliyyat və rabitəyə çəkdiyi xərclər
2022–2024-cü illərdə illik orta hesabla 29 faiz artıb, halbuki
əvvəlki onillikdə bu göstərici təxminən 9 faiz idi. Azərbaycanın
Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, 2021–2023-cü
illərdə nəqliyyat və anbar təsərrüfatı sektoruna dövlətin əsas
kapital qoyuluşları illik ifadədə 38 faiz artıb, halbuki əvvəlki on
ildə onların ümumi kapital qoyuluşlarında payı orta hesabla cəmi 1
faiz təşkil edib”,- deyə hesabatda qeyd olunur.

“Moody’s” həmçinin vurğulayır ki, bu xərclərə baxmayaraq, ümumi
fiskal dinamika sabit olaraq qalır.

“Hər üç dövlət pandemiya dövründə xərclərin kəskin artımından
sonra əhəmiyyətli fiskal konsolidasiyaya nail olub. Büdcə kəsirləri
antikrizis tədbirlərinin azaldılması və fiskal intizama riayət
olunması fonunda güclü iqtisadi artım hesabına azalıb. Azərbaycanda
yüksək neft qiymətləri son üç ildə əhəmiyyətli profisitlərin
formalaşmasına şərait yaradıb. Qeyri-neft gəlirlərinin sürətli
artımı da neft nəzərə alınmadan ilkin balansın azalmasına kömək
edir, bu isə iqtisadiyyatın şaxələnməsini və neft qiymətlərindəki
dəyişikliklərə davamlılığını göstərir. Güzəştli maliyyələşdirməyə
çıxış da xarici borcun əlçatan səviyyədə saxlanmasına imkan yaradıb
və həssaslığı azaldıb”,- sənəddə bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir