
Bakı. Trend:
Macarıstan və Azərbaycan su ehtiyatları sahəsində tərəfdaşlığı
genişləndirir.
Trend xəbər verir
ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda
keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgisi və Konfransında
(Baku Water Week / Bakı Su Həftəsi) çıxışı zamanı bildirib.
Çıxışında Torma qeyd edib ki, Macarıstan üçün təmiz su və
sanitariyanın əlçatanlığı dayanıqlı inkişafın əsas elementidir və
su problemlərinin həlli Dayanıqlı inkişaf məqsədlərinin nail
olunmasında prioritet tapşırıqdır. O xatırladıb ki, 2010-cu ildən
etibarən Macarıstan ardıcıl olaraq öz səylərini su mövzusuna
fokuslayır və bu sahədə regional və beynəlxalq əməkdaşlığı
genişləndirir.
Səfir vurğulayıb ki, Macarıstanın su texnologiyaları sektoru
yeraltı suların xəritələşdirilməsindən və içməli, tullantı
sularının təmizləmə sistemlərinin layihələndirilməsindən tutmuş,
suyun təkrar istifadəsi texnologiyaları və rəqəmsal davamlı həllər
kimi sahələrdə əhəmiyyətli təcrübə və innovativ həllər
toplayıb.
Torma, həmçinin, su diplomatiyasının vacibliyini qeyd edib və
bildirib ki, su münaqişələrin mənbəyi deyil, əksinə, əməkdaşlığın
katalizatoru olmalıdır.