
Bakı. Trend:
Orta Dəhlizin inkişafı Azərbaycan, Qazaxıstan və Gürcüstanın
kommersiya banklarına dolayı yolla fayda gətirəcək.
Trend bu
barədə“Moody’s” son proqnozlarına istinadən xəbər verir.
Agentlik qeyd edir ki, bölgənin kommersiya banklarının əsas
layihədə birbaşa rol oynaması gözlənilmir, çünki layihənin əsas
maliyyə mənbələri dövlət, dövlət şirkətləri, beynəlxalq inkişaf
bankları və özəl investorlar hesab olunur.
“Kommersiya bankları əlavə infrastruktur layihələrinin
maliyyələşdirilməsində iştirak edə bilərlər. Lakin Qazaxıstan
banklarının vəsaitlərinin 80%-i və Azərbaycan banklarının isə
təxminən 90%-i qısamüddətli vəsaitlərdən ibarətdir ki, bu da yüksək
maliyyələşdirmə xərcləri ilə birlikdə bankların uzunmüddətli
kreditləri fəal cəlb etmələrinə və uzunmüddətli kredit
portfellərini genişləndirmələrinə imkan vermir.
Gürcüstan bankları da yüksək maliyyələşdirmə xərcləri ilə
üzləşirlər, lakin depozitlərdən əlavə bazar maliyyələşdirilməsindən
ölçülü şəkildə asılıdırlar, əsasən də beynəlxalq inkişaf maliyyə
institutlarından uzunmüddətli maliyyələşdirməyə yaxşı çıxışları
sayəsində; bu, onların bazar maliyyələşdirilməsinin 60%-ni təşkil
edir”, – hesabatda deyilir.
“Moody’s” ekspertləri bildirir ki, Qazaxıstan və Azərbaycanda
banklar tərəfindən özəl sektorun kreditləşdirilməsi məhdud olaraq
qalır: o, Qazaxıstanda ÜDM-in 25%-i, Azərbaycanda isə 20%-dən azını
təşkil edir. Müqayisə üçün, Gürcüstanda bank kreditlərinin həcmi
ÜDM-in 66%-nə bərabərdir.
“Qazaxıstanın özəl sektorunun dövlətin dəstəyi ilə real
iqtisadiyyatın uzunmüddətli maliyyələşdirilməsində daha fəal
iştirak edəcəyi gözlənilir. “Baiterek” Milli İdarəedici Holdinqi
vasitəsilə hökumət zəmanətlər, özəl banklara birbaşa
maliyyələşdirmə və qarşılıqlı zəmanət fondu təklif edir ki, özəl
maliyyələşdirməni stimullaşdırsın. Bundan əlavə, özəl banklar,
xüsusən də böyük banklar, resurslarını infrastruktur layihələrində
iştirak üçün istifadə edirlər. Onların Orta Dəhlizdə iştirakı daha
çox dolayı olacaq – məsələn, əlavə logistika obyektlərinin və
habların, eləcə də, digər investisiya layihələrinin
maliyyələşdirilməsi yolu ilə. Sindikatlarda iştirak vasitəsilə
daxil olmaqla maliyyələşmənin təqdim olunmasına iştah artır”, –
deyə hesabatda vurğulanır.
“Moody’s” qeyd edir ki, bankların Orta Dəhlizin
maliyyələşdirilməsində birbaşa iştirakı məhdud olacaq, lakin
iqtisadi aktivliyin artmasından əhəmiyyətli fayda əldə
edəcəklər.
“Qazaxıstan, Gürcüstan və Azərbaycanın özəl bankları üçün bu,
rəqabətli mühitdə, xüsusən korporativ sektorda kreditləşməni
genişləndirmək və şaxələndirmək imkanıdır. Onlar podratçılara
kredit verə, tikinti sahələrində əlavə işləri maliyyələşdirə və
əsas marşruta xidmət edən yolların tikintisini dəstəkləyə bilərlər.
Zaman keçdikcə banklar Orta Dəhliz vasitəsilə daha geniş spektrdə
nəqliyyat xidmətlərini də maliyyələşdirə biləcəklər”, – deyə
məlumatda bildirilib.

