
Bakı. Trend:
Peyvəndlər alınır və yerlərə göndərilir. Amma o peyvəndlənmənin
hansı səviyyədə aparılmasına nəzarətin həyata keçirilməsində
boşluqlar var.
Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət
komitəsinin üzvü Azər Badamov komitənin bugünkü iclsasında çıxışı
zamanı deyib.
Millət vəkili bildirib ki, bu boşluq da ölkədə həmin sahədə olan
baytar mütəxəssislərin azlığı ilə bağlıdır.
“Regionlarda, yerlərdə peyvəndlənmənin aparılması üçün kifayət
qədər baytar yoxdur. Dövlət qurumu peyvəndləri idarələrə göndərir,
rayon idarələri isə fərdi baytarlarla müqavilələr bağlayaraq bu işi
icra edirlər. Lakin özəl fəaliyyət göstərən baytarların gördükləri
işlər üzərində bir nəzarət mexanizmi yoxdur. Onlar həmçinin fiziki
cəhətdən də peyvəndlənmənin geniş şəkildə aparılmasına qadir
deyillər. Özəl baytarların maddi-texniki bazası soyuq zəncirin
qorunub saxlanılmasına imkan vermir. Heyvanlarının sayının
azalmasının səbəblərindən biri də bu məsələdir”, – deyə deputat
qeyd edib.