Orta Dəhliz regionun əsas iqtisadiyyatları ilə yanaşı, başqa ölkələrə də fayda gətirəcək – “Moody’s”

Baş səhifə

Bakı. Trend:

Orta Dəhlizin rolunun güclənməsi yalnız onun əsas
iqtisadiyyatları sayılan ölkələrə – Qazaxıstan, Azərbaycan və
Gürcüstan üçün deyil, həm də dəhlizlə əlaqələr sayəsində fayda əldə
edən Özbəkistan və Qırğızıstan kimi digər ölkələr üçün də müsbət
nəticələrə gətirib çıxarır.

Trend bu barədə
“Moody’s”ə istinadən xəbər verir.

“Orta Dəhliz, xüsusilə Çinlə Avropa arasındakı ticarət axınları
üçün alternativ kimi formalaşıb. Onun multimodal təbiəti ilə bağlı
çətinliklərə baxmayaraq, daha birbaşa marşrut zaman və xərclər
baxımından üstünlüklər təmin edir. Daşımaların əsas hissəsi dəmir
yolu ilə yük daşımalarının payına düşür – onlar dəniz nəqliyyatına
nisbətən daha sürətli, etibarlı və potensial olaraq daha ekoloji
təmizdir. Nəticədə, 2022-ci ildən etibarən tranzit həcmləri kəskin
artıb, regiondakı ticarət axınları isə güclənib”, – deyə agentliyin
hesabatında bildirilir.

“Moody’s”in məlumatına görə, bununla əlaqədar infrastruktur
sahəsinə, o cümlədən, dəmir yolu xətlərinin ötürücülük
qabiliyyətinin artırılmasına, dəniz gəmiləri və yük qatarlarından
ibarət donanmanın müasirləşdirilməsi və genişləndirilməsinə,
həmçinin, limanların və logistika mərkəzlərinin tikintisi və
inkişafına yatırımlar artıb.




“Yatırımların mühüm hissəsinin milli hökumətlər və dövlət
şirkətləri tərəfindən təmin edilməsinə baxmayaraq, Dünya Bankı,
Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi
beynəlxalq maliyyə institutları da daxil olmaqla, xarici qurumlar
layihələrin maliyyələşdirilməsində iştirak edir. Orta Dəhliz,
həmçinin, Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin
yaxşılaşdırılmasına yönəlmiş Aİ-nin “Global Gateway” strategiyasına
da daxildir”, – sənəddə qeyd olunur.

Eyni zamanda, “Moody’s” hesab edir ki, Orta Dəhlizin tam
potensialının həyata keçməsi üçün hələ də həllini tapmamış
məsələlər qalmaqdadır.

“İnfrastruktur sahəsində genişmiqyaslı yatırımlara ehtiyacla
yanaşı, dəhliz bir neçə yurisdiksiyadan keçir. Sərhəd və gömrük
prosedurlarının harmonizasiyası marşrut ölkələri arasında sıx
əməkdaşlıq tələb edəcək. Bu sahədə irəliləyiş dəhlizi daha
cəlbedici edəcək və regiondakı qiymətləndirdiyimiz subyektlərin
kredit keyfiyyətinə müsbət təsir göstərəcək”, – hesabatda
bildirilir.