
Bakı. Trend:
19–21 sentyabr tarixlərində Bakıda keçiriləcək Formula 1 Qatar
Airways Azərbaycan Qran Prisi 2025 yarış həyəcanını möhtəşəm musiqi
şousu ilə birləşdirir. Bu il Baku Crystal Hall səhnəsi dünya
musiqisinin üç nəhəng adını bir araya gətirəcək – Anyma, Martin
Garrix və Glass Animals!
19 sentyabr – Anyma
Elektron musiqinin ən futuristik adlarından biri olan Anyma
reallıqla fantaziyanın sərhədlərini pozan audiovizual performansı
ilə Bakıda unudulmaz gecə yaşadacaq. Onun şousu sadəcə konsert
deyil – texnologiya, işıq və musiqinin birləşdiyi paralel bir
kainata səyahətdir. Onun çıxışları dünyanın ən nüfuzlu festival
səhnələrində – Tomorrowland, Coachella və s. – tamaşaçıları heyran
qoyub.
20 sentyabr – Martin Garrix və Glass Animals
Dünyanın ən məşhur DJ-lərindən biri, DJ Mag Top 100 DJ
siyahısında dəfələrlə birinci yeri tutmuş Martin Garrix, Bakıda
milyonlarla insanın sevdiyi hitlərini canlı ifa edəcək. “Animals”,
“Scared to be Lonely” (Dua Lipa ilə), “In the Name of Love” (Bebe
Rexha ilə) və “We Are the People” (Bono və The Edge ilə) kimi
mahnıları qlobal musiqi tarixinə damğa vurub. Garrix-in enerji dolu
setləri və möhtəşəm səhnə performansları ilə bu gecə yarış
həftəsonunun zirvələrindən biri olacaq.
İngilis indie-pop səhnəsinin sevimlisi Glass Animals isə “Heat
Waves” mahnısı ilə Billboard Hot 100 siyahısında 7 həftə ardıcıl
1-ci yeri tutaraq dünya musiqi tarixində iz qoyub. Onların kreativ
üslubu və tamaşaçı ilə interaktiv performansları Bakıda unikal
musiqi təcrübəsi yaşadacaq. Səhnəyə gətirdikləri enerji və
emosional atmosfer ilə bu gecə azarkeşlərin yaddaşına
yazılacaq.
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 yalnız sürət
və rəqabət deyil, həm də festival abu-havası deməkdir. Bu üç gecə
motorsportun həyəcanı ilə musiqinin sehrini birləşdirərək Bakını
əsl qlobal festival mərkəzinə çevirəcək.
Konsertlərə giriş həm yarış biletlərinə daxildir, həm də ayrıca
konsert biletləri vasitəsilə mümkündür.
Yarış biletlərini www.bakucitycircuit.com vasitəsilə, konsert
biletlərini isə şəhərin kassalarından əldə etmək mümkündür.