
Bakı. Trend:
Bolqarıstanın Montana şəhərində NATO-nun Fəlakətlərə Cavabın
Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzinin və Bolqarıstan
Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə
“BULGARIA 2025” mülki fövqəladə hallara cavab təlimi keçilib.
Trend
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki. NATO-ya üzv və tərəfdaş ölkələrin
nümayəndələrinin qatıldığı təlimdə Azərbaycanı TƏBİB və Fövqəladə
Hallar Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil
edib.
TƏBİB tərəfindən təlimə 2 tamtəchizatlı təcili tibbi yardım
avtomobili və onların tibbi briqadaları cəlb olunub. Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən təmin edilən
avtomobillər və heyət Montana şəhərində qurulan müvəqqəti düşərgədə
yerləşərək bütün simulyasiya fəaliyyətlərində iştirak edib.
Təlimin əsas məqsədi fövqəladə hallara qarşı beynəlxalq
əməkdaşlığı möhkəmləndirmək, zəlzələ, daşqın, yanğın, kimyəvi
hadisələr və digər təbii, texnogen fəlakətlər zamanı mülki, hərbi
strukturların birgə fəaliyyət imkanlarını sınaqdan keçirmək,
həmçinin beynəlxalq yardımın qəbul olunması və koordinasiyasını
təkmilləşdirməkdən ibarət olub.
TƏBİB-in tibbi briqadaları zəlzələ ssenarisi üzrə
axtarış-xilasetmə əməliyyatları zamanı yaralılara ilkin tibbi
yardım göstərib, mobil səhiyyə xidməti vasitəsilə beynəlxalq
briqadalarla birgə fəaliyyət həyata keçirib.
Qeyd edək ki, Azərbaycan bu təlimdə iştirakçı ölkələr arasında
ən geniş tibbi heyətlə təmsil olunan ölkə kimi
qiymətləndirilib.
Azərbaycan nümayəndə heyətinin “BULGARIA 2025” beynəlxalq
təlimində iştirakı ölkəmizin beynəlxalq miqyasda humanitar
təşəbbüslərə dəstəyini, regional təhlükəsizlik və dayanıqlılığa
marağını, eləcə də fövqəladə hallara hazırlıq sahəsində NATO
müttəfiqləri və tərəfdaş ölkələrlə əməkdaşlığını daha da
gücləndirmək məqsədi daşıyır.