
Bakı. Trend:
Azərbaycan Orta Dəhlizdə artan yüklər fonunda Almaniya ilə
əməkdaşlıq imkanlarını müzakirə edib.
Bu barədə Trend Dövlət Dəniz və Liman Agentliyinə (DDLA)
istinadən xəbər verir.
Belə ki, DDLA-da Alman Gəmiqayırma və Dəniz Sənayesi
Assosiasiyasının icraçı direktoru Kristian Şillinqin başçılıq
etdiyi nümayədə heyəti ilə görüş təşkil olunub.
Tədbirdə alman iş adamları ilə yanaşı, Almaniyanın ölkəmizdəki
səfirliyinin və Alman-Azərbaycan Xarici Ticarət Palatasının
nümayəndələri də iştirak ediblər.
Görüşdə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin
müavini Eldar Məcidov rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin
formalaşdırılması və müvafiq sahə üzrə qanunvericiliyin
təkmilləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü
tədbirlərdən danışıb.
Həmçinin Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması
fonunda alman şirkətləri ilə potensial əməkdaşlıq sahələri üzrə
fikir mübadiləsi aparılıb.
Görüşdə təsnifat cəmiyyətlərinin fəaliyyəti, bayraq dövlətinin
tələbləri, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi,
dəniz ətraf mühitinin mühafizəsi, gəmilərin inşası, liman
infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı alman iş adamlarını
maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin
İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub.

