
Bakı. Trend:
Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) operatoru ICGB
şirkəti ABŞ-dən gətirilən mayeləşdirilmiş təbii qazın Cənub-Şərqi
Avropaya və onun hüdudlarından kənara çatdırılmasına hazırdır.
Trend xəbər verir
ki, bunu ICGB şirkətinin icraçı direktoru Teodora Georgiyeva
Salonikidə keçirilən SEEF2025 forumunda çıxışı zamanı deyib.
“Amerikalı tərəfdaşlarımızın mesajı aydın idi: möhkəm dəstək,
strateji birlik və ortaq ambisiyalar. IGB qaz kəməri tam şəkildə
Yunanıstan şəbəkəsinə inteqrasiya olunub və birbaşa
Aleksandrupolisdəki MTQ terminalına qoşulub. ICGB ABŞ
mayeləşdirilmiş təbii qazını Cənub-Şərqi Avropaya, həmçinin,
Rumıniya, Moldova, Ukraynaya çatdırmağa hazırdır. Şaquli qaz
dəhlizi artıq konsepsiya deyil – bir reallıqdır. O, Avropanın
enerji təhlükəsizliyinin dayağına və trans-Atlantik əməkdaşlığın
sütununa çevrilir”, – deyə Georgiyeva bildirib.
ICGB şirkətinin digər icraçı direktoru Georgios Satlas da öz
mövqeyini açıqlayaraq, əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
“SEEF2025 forumu açıq şəkildə göstərdi ki, ABŞ əsas enerji
tərəfdaşı qismində geri qayıdır və ABŞ–Aİ əməkdaşlığının daha sıx
olması onun tam potensialının üzə çıxarılmasında həlledici rol
oynayacaq. ICGB üçün qaz-nəqliyyat sistemi operatorları (TSO)
arasında qarşılıqlı əlaqələri gücləndirmək eyni dərəcədə vacibdir
ki, bütün üç marşrut üzrə tənzimləyicilərə razılaşdırılmış və
etibarlı həllər təqdim olunsun. Birgə səylər Şaquli qaz dəhlizinin
Cənub-Şərqi Avropada uzunmüddətli enerji təhlükəsizliyinin və
trans-Atlantik tərəfdaşlığın nüvəsinə çevrilməsini təmin
edəcək”.
Qeyd edək ki, IGB Yunanıstanın milli qaznəqliyyat sistemi (DESFA
S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini
(Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaznəqliyyat
sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində
birləşdirilib.
Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32
düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazın
Yunanıstan–Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazar
marağı və qonşu qaz-nəqliyyat sistemlərinin imkanlarından asılı
olaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.

