“PAŞA Holding”in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə “Netflix” in həmtəsisçisi Mark Randolf gəlir!

Baş səhifə

Bakı. Trend:

Ötən il 5000 iştirakçı, 100-dən çox spiker, 100-dən çox startap
və investoru bir araya toplayan “INMerge” İnnovasiya Sammiti
2025-ci ildə daha böyük hədəfləri qarşıya qoyaraq hazırlıqlara
start verib. Bu il beşinci dəfə təşkil olunacaq “INMerge” sammiti
daha iddialı proqramla geri qayıdır – tədbirə “Netflix”in
həmtəsisçisi Mark Randolf kimi dünya miqyasında tanınmış adlar
qatılacaq. Bundan əlavə, “OpenAI” şirkətinin keçmiş “Go-to-Market”
rəhbəri Zak Hass və “Pixar”ın həmtəsisçisi Ed Katmull da spiker
kimi çıxış edəcəklər.

“PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin
məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək,
startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq
üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün
iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma
qurmaqdır. Sammit, fintex, telekommunikasiya, elektron ticarət və
digər sahələrdən olan innovatorları, investorları və sahənin
nüfuzlu liderlərini bir araya gətirir. “INMerge” həm də
iştirakçılara mühüm tərəfdaşlıqlar bağlamağa, əməkdaşlığı inkişaf
etdirməyə və regionun liderləri və innovatorları ilə beynəlxalq
əlaqələr qurmağa imkan verən strateji şəbəkə mərkəzidir.




Xatırladaq ki, 2024-cü ildə, “INMerge” İnnovasiya Sammitində “YouTube”un həmtəsisçisi Stiv Çen, “Amazon”un vitse-prezidenti və
texniki direktoru Verner Vogels, “Starbucks” şirkətinin
həmtəsisçisi Zev Siegl, Harvard Biznes Məktəbinin professoru Linda
Hill, həmçinin Stenford Universitetinin professoru İlya Strebulayev
kimi spikerlar qoşulub.

Qeyd edək ki, bu il beşinci dəfə təşkil olunacaq “INMerge”
sammiti 29 və 30 senyabr 2025-ci il tarixlərində Bakı Konqres
Mərkəzində baş tutacaq. Ətraflı məlumat və biletləri əldə etmək
üçün www.inmerge.az veb-saytına keçid edə bilərsiniz.