Azərbaycan-Belarus Əczaçılıq Sektorunda Yeni Əməkdaşlıq Perspektivləri (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bu gün, Belarusun Azərbaycan Respublikasındakı Səfirliyinin
dəstəyi, bilavasitə cənab səfir Dmitri Pineviçin rəhbərliyi ilə
Belarus Respublikasının əczaçılıq sektoru nümayəndə heyəti
Azərbaycanda bərk dərman formalarının tam istehsal dövrünü həyata
keçirən, tədqiqat və təkmilləşdirmə əsasında fəaliyyət göstərən ilk
yüksək texnologiyalı əczaçılıq zavodu olan Scandens Pharmaceutical
Industry-ə baş çəkmiş və şirkətin rəhbər heyəti ilə
görüşmüşdür.

Heyətdə Belarus Respublikasının əczaçılıq sektorunu təmsil edən,
Belpharmprom holdinqi nəzdində fəaliyyət göstərən Borimed (Borisov
Medical Preparations Plant), Exzon, Minskintercaps və
Belmedpreparaty şirkətlərinin rəhbər və nümayəndələri iştirak
etmişdir.




Səfər çərçivəsində tərəflər əczaçılıq sahəsində əməkdaşlıq
imkanlarını, xüsusilə dərman vasitələrinin lokalizasiyası və
gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşün nəticəsi olaraq müəssisələr qarşılıqlı əməkdaşlığın daha
da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, eləcə
də Azərbaycan əczaçılıq bazarının inkişafına və keyfiyyətli məhsul
təminatına dəstək verəcək uzunmüddətli təşəbbüslərin həyata
keçirilməsi barədə razılığa gəliblər.