Qəzalar yol hərəkəti iştirakçıları üçün ciddi xəbərdarlıq olmalıdır – NİİM

Baş səhifə

Bakı. Trend:

Bu gün günorta saatlarında Nəsimi rayonu, Səməd Vurğun küçəsi, “Göy məscid”in qarşısı, mərkəz istiqamətində piyada vurulması ilə
nəticələnən bu yol-nəqliyyat hadisəsi yol hərəkəti iştirakçıları
üçün ibrət dərsi və ciddi xəbərdarlıq olmalıdır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin
İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Trend-ə bildirib
ki, aparılan təbliğat-izahat və maarifləndirmə işləri nəticəsində
piyadaların çox hissəsi keçidlərdən istifadə edir.

“Bu yaxşı nəticədir. Ancaq bəzi hallarda sürücülərin onlara yol
verdiyinə tam əmin olmadan keçidlərdən keçən piyadalar özlərini
təhlükəyə atırlar. Bu cür qəzaların baş verməsinə səbəb olan digər
bir vacib məqam isə sürücülərin keçidlərə yaxınlaşarkən piyada
keçidinin olduğunu bildirən nişana diqqət yetirməməsi və yüksək
sürətlə nəqliyyat vasitəsini idarə etməsi ilə bağlıdır. Təəssüflər
olsun ki, belə olduqda piyadanın ölümü və xəsarəti ilə nəticələnən
qəzalar qeydə alınır.




Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bu mövzu daim
diqqətdə saxlanılır və əsas məqsədimiz də ondan ibarətdir ki, yol
hərəkəti iştirakçıları qəzaların iştirakçısı, qurbanı olmasınlar.
Bir daha xahişimiz ondan ibarətdir ki, piyadalar keçidlərdə yolu
keçərkən diqqətli olmalı, yolun hərəkət hissəsinə yalnız
yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların
sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz
olacağını yəqin etdikdən sonra keçiddən keçməlidirlər.

Sürücülər isə piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı,
keçidin olduğunu bildirən nişana diqqət yetirməli və piyadalara yol
verməlidirlər. Qeyd edilənlərə laqeyd yanaşılmamalı və qaydalara
əməl edilməlidir”, – deyə o əlavə edib.