TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində saziş imzalayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan
TuranBank ilə İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv
qurumu olan İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı
üzrə Korporasiyası (ICD) arasında 5 il müddətinə 15 milyon ABŞ
dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş
imzalanıb.

Sözügedən maliyyələşdirmə xətti ölkədə kiçik və orta
sahibkarlığın (KOS) inkişafına dəstək göstərmək, özəl sektorun
maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, eləcə də
Azərbaycanın dayanıqlı və diversifikasiya olunmuş iqtisadi
inkişafına töhfə vermək məqsədi daşıyır. Bu tərəfdaşlıq eyni
zamanda ölkə iqtisadiyyatının qeyri-neft sektoru üzrə
şaxələndirilməsi istiqamətində atılan əhəmiyyətli addım hesab
olunur.

Qeyd edək ki, saziş ICD-nin icraçı direktoru vəzifəsini icra
edən Dr. Xalid Xələfallah və TuranBank-ın İdarə Heyətinin sədri
Orxan Qarayev tərəfindən imzalanıb.

Məlumat üçün qeyd edək ki, TuranBank ilə ICD arasında əməkdaşlıq
2008-ci ildən etibarən davam edir və bu saziş tərəflər arasında
imzalanmış altıncı maliyyə əməkdaşlığıdır. Bu fakt iki qurum
arasında formalaşmış etibarlı, uzunmüddətli və məhsuldar
tərəfdaşlığın göstəricisidir.

TuranBank haqqında

TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan
maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı
qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq
standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir.
Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən
TuranBank, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş
etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət
prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda
mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün:

www.turanbank.az




ICD haqqında

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası
(ICD)
İslam İnkişaf Bankı Qrupunun üzvü olan çoxməqsədli
maliyyə institutudur. Korporasiyanın əsas missiyası üzv ölkələrdə
özəl sektorun inkişafını təşviq etmək
İslam şəriət prinsiplərinə uyğun maliyyə alətləri
vasitəsilə iqtisadi inkişafı dəstəkləməkdir. ICD həmçinin
hökumətlərə və özəl təşkilatlara məsləhət
xidmətləri
göstərərək özəl müəssisələrin yaradılmasını,
genişləndirilməsini və modernləşdirilməsini təşviq edir. ICD
aşağıdakı beynəlxalq reytinqlərə malikdir:

Moody’s – A2, S&P – A-, Fitch – A+.
Əlaqə üçün:
Nabil El-Alami, Kommunikasiya və Korporativ
Marketinq Departamentinin rəhbəri
E-poçt: [email protected]
Vebsayt: www.icd-ps.org

TuranBank

Bizimlə etibarlıdır…