
Bakı. Trend:
Gürcüstanda hər hansı qarışıqlığa, çevriliş cəhdinə yol
verilməyəcək və bu istiqamətdə istənilən cəhdə maksimal səviyyədə
sərt cavab veriləcək.
Trend xəbər
verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə
açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstanda müxalifət tamamilə zəifləyib,
ümidsiz vəziyyətdədir və belə bir vaxtda istənilən təxribatlar
mümkündür.
Baş nazir qarşıdakı 4 oktyabr seçkilərində müxalifətin uğur
qazana bilməyəcəyini vurğulayıb. O deyib: “Biz əvvəlki seçkilərdə
olduğu kimi, yenə də qələbə qazanacağıq. Təbii ki, bununla
barışmayan və xaricdən maliyyələşən müxalif qüvvələr ölkədə
qarışıqlıq yaratmaq istəyəcəklər. Dövlət buna imkan verməyəcək və
istənilən təxribatların qarşısı sərt şəkildə alınacaq”.