
Bakı. Trend:
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) milli
komandaların oyunları üçün mövcud beynəlxalq təqvimdə dəyişiklik
etməyə hazırlaşır.
Trend xəbər verir
ki, hazırda payızda üç ayrı fasilə mövcuddur – sentyabr, oktyabr və
noyabr aylarında. 2026-cı ildən etibarən isə FİFA sentyabr və
oktyabr aylarında keçirilən fasilələri birləşdirərək 16 gün davam
edən vahid pəncərə yaratmağı planlaşdırır.
Yeni təqvimə görə, milli komandaların növbəti beynəlxalq oyunlar
üçün ilk fasiləsi 2026-cı il sentyabrın 21-dən oktyabrın 6-dək
davam edəcək. Bu müddətdə yığmalar dörd oyun keçirə biləcəklər.
Noyabrda isə beynəlxalq fasilə 9-17 tarixlərini əhatə edəcək və
hər komanda iki qarşılaşma oynayacaq.