Abşeron dairəvi dəmir yolu marşrutu üzrə reyslərin sayı artırılır

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir
yolu marşrutu üzrə hərəkət edən qatarları sərnişin tələbatını təmin
etmək məqsədilə 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş
hərəkət cədvəli ilə xidmət göstərəcək.

Trend xəbər
verir ki, yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi
marşrutu üzrə reyslərin sayı 92-dən 104-ə çatdırılacaq.

Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin
sayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu
üzrə 56-dan 64-dək artırılacaq. Qeyri-iş günləri isə Bakı–Xırdalan
və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı 16-dan 22-yə
çatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinə
yetiriləcək.

Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır.
Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan və
Xırdalan–Bakı xətləri üzrə əlavə reyslərin təşkili sərnişinlərin bu
istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda,
Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılması
sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.




Ümumilikdə bu dəyişikliklərin sərnişin daşımalarında 10%-lik
artıma səbəb olacağı gözlənilir.

Qeyd edək ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456
nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyata
keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan
şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və
M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini
təmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin
altından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq. Bu
səbəbdən ADY-nin Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin
qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlar
Bakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edəcək.

Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY tərəfindən
Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun
sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin
edilməsi məqsədilə Bakı–Keşlə sahəsində “Bağırov körpüsü” kimi
tanınan ərazidə əsaslı təmir işləri aparılıb. Təmir işləri
çərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj boruları
quraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolunda
asfalt qatı yenilənib, yeni bordürlər qoyulub ki, bu da
infrastrukturun dayanıqlılığını daha da möhkəmləndirilib.

Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir
işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat
çatdırılmasına xidmət edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir