
Bakı. Trend:
ABŞ-nin müvəqqəti işlər vəkili Alan Pörsell Orta dəhliz
regionunda ticarət, enerji, infrastruktur və logistika
sahələrindəki perspektivləri araşdıran Amerika biznes-nümayəndə
heyətinin səfəri çərçivəsində amerikalı biznes-liderlərdən ibarət
nümayəndə heyəti və Gürcüstan biznesinin nümayəndələri ilə
görüşüb.
Trend bu barədə
ABŞ-nin Gürcüstandakı səfirliyinə istinadən xəbər verir.
Bildirilib ki, nümayəndə heyəti ABŞ Ticarət Xidməti,
Amerika-Gürcüstan Biznes Şurası (AGBC), Amerika-Azərbaycan Ticarət
Palatası (USACC) və Qazaxıstandakı Amerika Ticarət Palatası ilə
tərəfdaşlıq şəraitində təşkil olunub. Nümayəndə heyəti Gürcüstan,
Qazaxıstan və Azərbaycana səfər edib.
Məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri
ABŞ və Gürcüstan arasında kritik infrastruktur, rəqəmsal ticarət,
yeni texnologiyalar, nəqliyyat və logistika sahələrində
əməkdaşlığın gücləndirilməsi imkanlarını araşdırıblar. Görüşdə
iqtisadiyyat naziri Mariam Kvrivişvili də iştirak edib.
“Həmin nümayəndə heyəti Birləşmiş Ştatların iqtisadi
tərəfdaşlığın inkişafı və regional əlaqəliliyin
möhkəmləndirilməsinə olan sadiqliyini vurğulayır”, – deyə məlumatda
qeyd olunur.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

