
Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən
həyata keçirilən kompleks nəzarət tədbirləri nəticəsində külli
miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz keçirilməsinin
qarşısı alınıb.
Trend
xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsi məlumat yayıb.
Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan
Respublikası vətəndaşı olan qadın sərnişin gömrük nəzarəti
zonasında şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən ümumi xalis
çəkisi 153,551 qram olan narkotik vasitə – kokain aşkar edilib.
Aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri zamanı
qeyd olunan narkotik vasitəni ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə
keçirən qadın və ölkə ərazisində həmin cinayətin törədilməsində
iştirakçılıqda şübhəli bilinən iki şəxs saxlanılıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş
İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.