
Bakı. Trend:
Ötən gün Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi
nəticəsində azyaşlının idarə etdiyi avtomobilin aşması və
həmyaşıdının həlak olması hadisəsi dərin təəssüf doğurur. Bu faciə
bir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükan
arxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətirib
çıxarır.
Trend xəbər
verir ki, bu barədə məlumat Baş Dövlət Yol Polisi İdarəsinin
vətəndaşlara xəbərdarlığında öz əksini tapıb.
BDYPİ bir daha vurğulayır ki, nəqliyyat vasitəsini yalnız
qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna
malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması insan həyatı
üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də
doğurur.
“Təəssüf ki, bəzi hallarda valideynlər və böyüklər
məsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailə
üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə
etməsinə şərait yaradırlar. Bu isə qanunla tam qadağan olunmaqla
yanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Belə
halların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçün
deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün
faciəvi ola bilər.
Unutmayaq ki, övladlara qarşı ən böyük qayğı onların həyat və
sağlamlığını qorumaqdır. Onları sükan arxasına keçməsinə şərait
yaratmaqla yalnız öz övladınızı deyil, bütövlükdə hərəkət
iştirakçılarınl təhlükə qarşısında qoymuş olursunuz”, – deyə
məlumatda qeyd edilib.
BDYPİ bir daha bütün hərəkət iştirakçılarını məsuliyyətli
davranmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə
çağırır.