İçməli su problemi su böhranı: nə etməli?

Baş səhifə

Bu ilin yayı bir daha təsdiqlədi ki, Azərbaycan artıq sistemli
içməli su problemi ilə üzləşib. Bakı və bölgələrin onlarla
rayonunda bəzən suyun verilməsi günlərləkəsildi. Qiymətləndirmələrə
görə, fasilələr 2 milyondan çox sakini əhatə etdi. Kəndlərdə
insanlar yenidən quyulara və bulaqlara üz tutdu, amma onların da
çoxu qurumuşdu.

Kənd təsərrüfatı xüsusilə ağır zərbə aldı: 65 min hektardan çox
taxıl və yem bitkiləri suvarmasız məhv oldu, buğdanın məhsuldarlığı
18 faiz, qarğıdalının məhsuldarlığı isə dörddə bir qədər azaldı.
Fermerlərin zərərləri 320 milyon manata yaxın qiymətləndirilir.
Eyni zamanda, Mingəçevir SES-də Kürün səviyyəsinin düşməsi
səbəbindən enerji istehsalı 9 faiz azaldı.

Məsələ artıq lokal çərçivədən çıxıb. Bu gün su milli
təhlükəsizlik məsələsidir və ölkənin ərzaq təminatı, iqtisadiyyatı,
sosial sabitliyi ondan asılıdır.

Son onilliklərdə iqlim dəyişikliyi vəziyyəti kəskinləşdirib.
Belə ki, son 30 ildə Azərbaycanda orta illik temperatur 1,4 dərəcə
yüksəlib, yağıntılar isə 8–12 faiz azalıb. Üstəlik, yağıntılar
bərabər paylanmır, əsasən torpağı və yeraltı suları
zənginləşdirməyən leysanlar şəklində düşür. Kiçik çaylar quruyur,
su anbarları isə ehtiyat toplamağa macal tapmır. 2006-cı ildən bəri
Xəzərin səviyyəsi hər il 11 santimetr azalır: ümumi enmə 1,9 metrə
çatıb. Bu proses Abşeronun yeraltı sularına da təsir edir.

Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxu ölkə
hüdudlarından kənarda formalaşır. Kür və Arazın suyu ildən-ilə
azalır: əgər 1980-ci illərdə Kürün axını saniyədə təqribən 500
kubmetr idisə, bu gün cəmi 320–340 kubmetrdir. Araz da dörddə bir
qədər kiçilib. Qonşu ölkələrin hər hansı hidrosiyasəti birbaşa
Azərbaycana təsir göstərir.

Daxili resurslar isə zəifdir. Ölkənin 8300 çayından əksəriyyəti
kiçikdir, uzunluğu 10 kilometrdən də azdır. Naxçıvanda son 20 ildə
24 çay və bulaq itib, Qarabağda isə su hövzələrinin sahəsi 18 faiz
azalıb. Bərpa olunan şirin su ehtiyatları 26 milyard kubmetr
qiymətləndirilsə də, faktiki əlçatan həcm azalaraq bu gün 20
milyarddan aşağı düşüb.

Qeyd etmək zəruridir ki, əslində tarixi baxımdan Bakı həmişə
içməli su qıtlığı şəraitində yaşayıb. IX–X əsrlərdə Abşeronda
evlərə və Şirvanşahlar sarayına su gətirən kəhrizlər işləyirdi.
Lakin XIX əsrdə şəhərin sürətli böyüməsi sistemi yetərsiz etdi.
Neft bumu dövründə əhali on dəfələrlə artdı, su Kürdən və Volqadan
dənizlə daşınır, bir vedrə indiki pulla min manata başa gəlirdi. XX
əsrin əvvəllərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü
ilə Şollar su kəməri çəkildi və şəhəri şimal mənbələrindən təmin
etməyə başladı.

Zamanla bu sistem əhəmiyyətini itirdi. Bu gün Bakının əsas su
mənbəyi Kür və Ceyranbatan su anbarıdır. “Elit evlərdə təmiz Şollar
suyu” barədə mif əsassızdır: su müxtəlif mənbələrdən qarışdırılaraq
ümumi şəbəkələr vasitəsilə paylanır.

Rəsmi statistikaya görə Bakının əhalisi 2,4 milyon nəfərdir,
amma reallıqda bu rəqəm 3,5 milyona yaxındır. Halbuki şəhərin su
infrastrukturu cəmi bir milyon əhali üçün layihələndirilmişdi. Bu
gün gündəlik istehlak 1,4 milyon kubmetrə çatır, amma şəbəkələr
köhnəlib və itkilər 40 faizə qədər yüksəlib.

Bölgələrdə vəziyyət daha da mürəkkəbdir. Gəncə, Şəki, Lənkəranda
mərkəzləşdirilmiş sistem əhalinin 60–65 faizini əhatə edir,
kəndlərdə məzkur göstərici cəmi 42 faizdir. 900 mindən çox insan
daim su çatışmazlığı ilə yaşayır. Ağdamda fermerlər pambıq əkindən
imtina edib, Cəlilabadda 12 min hektarda kanallar quruyub.

Səhiyyə Nazirliyi isə bağırsaq infeksiyalarının 18 faiz
artdığını açıqladı.

Azərbaycan dövlət büdcəsindən su təsərrüfatının inkişafına
ayrılan faktiki vəsaitin həcmi 546 milyon manat təşkil edir. “Su
ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya”
2024–2040-cı illər üçün nəzərdə tutulmuş strateji vəzifələrinin
həllinə yönəldilib. Söhbət su istifadəsinin səmərəliliyinin
artırılması, irriqasiya infrastrukturunun inkişafı və fermer
təsərrüfatlarının təmin olunmasına yönəlmiş hədəfli
investisiyalardan gedir.

Bir kubmetr suyun və kanalizasiya xidmətlərinin maya dəyəri
1,41–1,42 manat səviyyəsindədir. Tarif Şurası tərəfindən əhali üçün
müəyyən edilmiş tariflər isə Bakıda və Abşeronda 0,70 manat,
regionlarda isə 0,60 manatdır. Çirkab sularının kənarlaşdırılması
xidmətləri üçün tarif 1 kubmetr üçün 0,30 manat təşkil edir.
Beləliklə, mövcud tariflər faktiki maya dəyərindən dəfələrlə
aşağıdır ki, bu da davamlı maliyyə boşluğu yaradır.

Aparılan təhlil göstərir ki, Azərbaycanın su sektoru struktur
kəsiri şəraitində fəaliyyət göstərir: əməliyyat xərcləri davamlı
şəkildə tariflərdən əldə olunan gəlirləri üstələyir. Dövlət bu
fərqi subsidiyalar və birbaşa investisiyalar vasitəsilə qarşılayır
ki, bu da əhali üçün qiymətlərin sosial cəhətdən qəbuledilən
səviyyədə saxlanmasına imkan verir.Yəni, dövlət xərclərin yarısını
ödəməyə məcburdur.

Türkiyədə içməli su tarifləri şəhərdən asılı olaraq dəyişir və
adətən kanalizasiya xidməti ayrıca hesablanır. Məsələn, İstanbulda
2025-ci ildən etibarən İSKİ-nin qərarına əsasən, ev təsərrüfatları
üçün ilk pillə üzrə suyun qiyməti 46,62 TL/m³ təşkil edir. Bundan
əlavə, tullantı sularının axıdılması xidmətləri üçün 16,50 TL/m³
ödəniş hesablanır. Ankarada isə ASKİ-nin tətbiq etdiyi tariflərə
görə, 0–15 m³ həcmində istehlak üçün suyun qiyməti 19,53 TL/m³,
kanalizasiya xidməti isə 9,76 TL/m³ səviyyəsindədir, ümumilikdə isə
29,29 TL/m³ edir. İzmir şəhərində də oxşar pilləli sistem mövcuddur
və hər pillə üçün su və kanalizasiya ayrıca hesablanır.

Gürcüstanda tarifləri Milli Enerji və Su Tənzimləyici
Komissiyası (GNERC) müəyyənləşdirir. 2024–2026-cı illər üçün
təsdiqlənmiş qaydaya görə, Tbilisi, Mtsxeta və Rustavidə ev
təsərrüfatları üçün tarif dəyişməyib. Tbilisidə sayğaclı ev
təsərrüfatları bir kubmetr suya görə 0,50 lari (GEL) ödəyirlər. Bu
məbləğ son illərdə sabit qalıb.

Ermənistanda su təchizatı xidmətini “Veolia Water Armenia”
həyata keçirir. Tənzimləyici qurumun qərarına əsasən, 2025-ci ildə
əhali üçün vahid tarif 200,42 dram/m³ səviyyəsində müəyyən edilib.
Sosial cəhətdən həssas qruplar üçün bu məbləğ 180 dram/m³ təşkil
edir. Dövlət müəyyən qədər subsidiyalar ayıraraq qiymətlərin sabit
qalmasını təmin edir.

İranda su tarifləri blok üzrə hesablanır və ciddi subsidiyalar
tətbiq olunur. 1404-cü ilin (2025/26) dövlət büdcəsinə əsasən,
istehlak norması çərçivəsində hər kubmetr suya görə 2000 rial,
normadan artıq istehlaka görə isə 4000 rial əlavə ödəniş tutulur.
Bundan başqa, regional ABFA şirkətləri öz bölgələri üçün ayrıca
tarif cədvəlləri dərc edirlər. Qeyd etmək lazımdır ki, kanalizasiya
xidmətləri ayrıca hesablanır və yekun məbləğ regiondan və istehlak
həcmindən asılı olaraq dəyişir.

Avropa İttifaqında vahid tarif mövcud deyil. Qiymətləri yerli
operatorlar və bələdiyyələr müəyyənləşdirir, adətən su və
kanalizasiya xidmətləri ayrıca hesablanır, həmçinin sabit abunə
haqqı və vergi də əlavə olunur. Almaniyanın paytaxtı Berlində
“Berliner Wasserbetriebe” şirkəti 2025-ci ildə içməli su üçün 1,813
avro/m³, kanalizasiya üçün isə təqribən 2,155 avro/m³ tələb edir.
Fransanın paytaxtı Parisdə “Eau de Paris” operatoru tərəfindən
tətbiq edilən tam tarif 4,0913 avro/m³ təşkil edir. İspaniyanın
paytaxtı Madriddə “Canal de Isabel II” şirkəti ilk 20 m³-lük
istehlak üçün dəyişən hissəni təqribən 0,876 avro/m³ səviyyəsində
hesablayır, əlavə olaraq sabit abunə haqqı da tətbiq edilir.
Niderlandda isə ölkə üzrə orta su tarifi 2025-ci ildə 2,61 avro/m³
olub, şirkətlər üzrə bu rəqəm 1,67–2,56 avro/m³ arasında dəyişir.
Məsələn, Amsterdamda “Waternet” şirkəti 1,22 avro/m³ tarif tətbiq
edir və üzərinə sabit ödəniş əlavə olunur.

Beləliklə, müqayisə göstərir ki, Azərbaycanda mövcud tariflər
Avropa ölkələri ilə yanaşı, region dövlətləri – Türkiyə, Gürcüstan,
Ermənistan və İranla müqayisədə dəfələrlə aşağıdır. Bu isə bir
tərəfdən əhalinin sosial müdafiəsini təmin edir, digər tərəfdən isə
suyun israfçılıqla istifadəsinə gətirib çıxarır.

Ən kritik məsələ şəbəkələrdəki itkilərdir. Orta hesabla 40 faiz,
bəzi rayonlarda isə 55 faizə qədərdir. Halbuki Almaniyada bu
göstərici 6–7 faiz, İsraildə 7–8 faiz, Sinqapurda 4–5 faizdir.
Azərbaycanda isə söhbət büdcədən ödənilən on milyonlarla kubmetr
suyun torpağa axıb getməsindən gedir.

Məsələnin geosiyasi tərəfi də var. Azərbaycanın bərpa olunan su
ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır,
əsasən Kür və Araz hövzəsində. Bu isə o deməkdir ki, hər bir
quraqlıq və ya xarici məhdudiyyətlər dərhal daxili su təminatına
təsir göstərir.

Ucuz tarifin paradoksu budur: qiymət aşağı olduqca istehlak
artır və dövlət üçün hər əlavə litr daha baha başa gəlir. Qlobal
təcrübə sübut edir ki, qiymətin cüzi artırılması belə məişətdəki
artıq sərfiyyatı dərhal azaldır, xüsusilə də maşın yuyulması və
dekorativ suvarma kimi ikinci dərəcəli məqsədlərdə.

Dünyada ölkələr bu problemi müxtəlif yollarla həll edirlər.
Çoxpilləli tarif sistemi tətbiq olunur: sosial minimum ucuz qalır,
amma normadan artıq istehlak xeyli baha başa gəlir. Sinqapurda məhz
belə işləyir, əsas tarif israfçılıq vergisi və ayrıca çirkab
suların utilizasiyası haqqı ilə tamamlanır.

Qaydalar sərtləşdirilir, məsələn, ABŞ-ın Cənubi Nevadada
“lazımsız” qazonlara qadağa qoyulub, onları quraqlığa davamlı
bitkilərlə əvəzləməyə subsidiya verilir. Nəticədə 20 ildə əhali
artmasına baxmayaraq, adambaşına düşən istehlak iki dəfədən çox
azalıb.

İtkilərlə mübarizə aparılır: Böyük Britaniya və Almaniyada
operatorlar şəbəkəni zonalara bölür, gecə saatlarında təzyiqi
tənzimləyir, sızmaları aktiv şəkildə aşkarlayır. Kamboca və
Filippində isə şəhərlər sərt uçot və kütləvi boru yenilənməsi
hesabına qeydə alınmayan suyu 60–70 faizdən 6–13 faizə qədər azalda
bilib.

Yeni mənbələrdən istifadə olunur, məsələn, Barselonada ehtiyat
variant kimi duzsuzlaşdırma zavodu tikilib, baxmayaraq ki, maya
dəyəri ənənəvi sudan bahadır. İsraildə isə çirkab suların təkrar
istifadəsi sistemi qurulub və təmizlənmiş suların 90 faizi
suvarmaya yönləndirilir.

Azərbaycanda da sürətli addımlar atmaq mümkündür. Beş ilə
itkiləri 40 faizdən 25 faizə endirmək olar ki, bu da yeni su
mənbəyi tapmadan yeni su qəbulu tikintisinə bərabərdir. Şəhərləri
idarə olunan zonalara bölmək, təzyiqi nəzarətdə saxlamaq və gecə
sızmalarını aşkar etmək vacibdir.

Müasir sayğaclarla ümumi uçotu təmin etmək və sızmaların
qarşısını almaq mümkündür. Pilləli tarif sistemi tətbiq olunmalı,
əsas həcm köhnə qiymətlə, yuxarı həcmlər isə bahalı tariflə
hesablanmalıdır.

İçməli suyun küçə yuyulması və avtomobil yuyulmasında istifadəsi
qadağan edilməlidir, bunun üçün ayrıca “bənövşəyi borular” şəbəkəsi
qurulmalı və təmizlənmiş suların istifadəsi genişləndirilməlidir.
Boruların dəyişdirilməsi isə yol təmiri ilə uzlaşdırılmalı, işlər
kompleks şəkildə aparılmalıdır.

Əsas nəticə budur: hər dəlikli boru büdcədən axıb gedən
milyonlarla manat deməkdir. Yeni bahalı obyektlər tikməkdənsə, suyu
şəbəkələrdən və tullantılardan geri qaytarmaq daha ucuzdur.
Resurslarının 70 faizi kənardan gələn ölkə üçün su strateji
əhəmiyyət daşıyır və qənaət milli təhlükəsizliyin gücləndirilməsi
ilə eyni məna daşıyır.

2022-ci ildə 2037-ci ilə qədər olan Milli Su Strategiyası
təsdiqlənib. Məqsədlər itkiləri 20 faizə endirmək, müasir suvarma
üsullarını 2027-ci ilə qədər 2 faizdən 10 faizə çatdırmaq, əhalinin
85 faizini içməli suya daimi çıxışla təmin etmək, 1,2 milyard
kubmetr həcmində yeni su anbarları tikmək, uçot və qənaətli
istehlak sistemini tətbiq etməkdən ibarətdir. Amma icra ləng gedir:
20 layihədən cəmi 6-sı başa çatdırılıb.

Dayanıqlı su təminatı artıq çoxdan qlobal çağırışa çevrilib və
bir çox ölkələr bu gün Azərbaycanın qarşısında duran oxşar
böhranlardan keçiblər. Onların təcrübəsi göstərir ki, düzgün
siyasət və investisiyalar hesabına su çatışmazlığını texnoloji
sıçrayış üçün stimul halına gətirmək olar.

İsrail bu sahədə dünya lideri sayılır. Bu gün ölkənin
tələbatının 50 faizdən çoxu dəniz suyunun duzsuzlaşdırılması
hesabına ödənilir. İlk iri stansiyalar hələ 2000-ci illərin
əvvəlində fəaliyyətə başlayıb və indi Aralıq dənizi sahilindəki
komplekslər şəbəkəsi təkcə şəhərləri və kənd təsərrüfatını sabit su
ilə təmin etmir, həm də qonşu bölgələrə ixrac imkanı yaradır.
Azərbaycan üçün bu model xüsusilə nümunəvidir: İsrail kimi, bizim
də böyük çaylarımız yoxdur, amma Xəzərə çıxışımız var və o,
strateji su anbarına çevrilə bilər.

Sinqapur isə “dörd kran” adlı unikal konsepsiya işləyib
hazırlayıb. Birinci “kran” qonşu Malayziyadan su idxalıdır, ikinci
– duzsuzlaşdırma, üçüncü – tullantı sularının çoxpilləli
təmizləmədən sonra yenidən şəbəkəyə qaytarılması və NEWater brendi
ilə su təchizatına daxil edilməsi, dördüncü isə daxili mənbələr və
toplanma hövzələridir. Bu sistem Sinqapura xarici tədarükçüdən
kritik asılılıqdan qurtulmağa, su təhlükəsizliyini isə milli
müstəqilliyin dayaqlarından birinə çevirməyə imkan verib.

Xroniki quraqlıqdan əziyyət çəkən İspaniya isə rəqəmsallaşma
yolunu seçib. Burada torpağın rütubətinə və hava şəraitinə uyğun
suvarmanı tənzimləyən avtomatlaşdırılmış damcı sistemləri tətbiq
olunub. Nəticə su sərfiyyatının 30–40 faiz azalmasıdır ki, aqrar
istehsal miqyası nəzərə alınanda bu, milyardlarla avro qənaət və
strateji resursların qorunması deməkdir.

Hesablama göstərir ki, bir kubmetr suyun maya dəyəri təxminən 1
manatdır. Bu, hazırkı əhali tarifindən baha olsa da, dövlətin
büdcədən subsidiyalara və quraqlıq nəticəsində yaranan zərərlərin
kompensasiyasına xərclədiyi vəsaitdən qat-qat ucuzdur. Üstəlik,
belə layihələr enerji əməkdaşlığı ilə inteqrasiya edilə bilər:
Qarabağ və Şərqi Zəngəzurda sürətlə tikilən günəş və külək
stansiyaları bu qurğular üçün enerji mənbəyi ola bilər.

İspaniya nümunəsindəki kimi suvarmada avtomatlaşdırma da birbaşa
tətbiq oluna bilər. Bu gün Azərbaycanın su ehtiyatlarının 70 faizi
kənd təsərrüfatına gedir və onun da böyük hissəsi köhnə
infrastruktur üzündən itirilir. “Ağıllı” sistemlərə keçid həm
xərcləri azaldar, həm də məhsuldarlığı yüksəldər.

Pretsedentlər də aydındır. İsrail 1990-cı illərdə su kollapsı
həddində idi, bu gün isə texnologiya və bilik ixracatçısına
çevrilib. Sinqapur tam idxal asılılığından çıxaraq özünəməxsus
strateji dövr yaradıb və dünya meqapolislərinə örnək olub. İspaniya
isə sübut etdi ki, ənənəvi kənd təsərrüfatını belə rəqəmsal
relslərə keçirmək və milyonlarla kubmetr suyu qorumaq
mümkündür.

Gələcəyin texnologiyaları arasında ağıllı şəbəkələr xüsusi yer
tutur. Sızmaların və təzyiqin izlənməsi üçün quraşdırılan sensorlar
təkcə Bakıda ildə 150 milyon kubmetrədək suya qənaət etməyə imkan
verir. Damcı suvarma isə istifadənin 30–40 faiz azalmasına səbəb
olur, amma hələlik cəmi 3–4 faiz torpağı əhatə edir. Müqayisə üçün,
Türkiyədə bu göstərici 28, İsraildə isə 80 faizdir. Tullantı
sularının emalı da ümumi tələbatın 10 faizinə qədərini ödəyə
bilər.

Demoqrafik təzyiq də artmaqdadır. 2040-cı ilə qədər əhali 12
milyona çatacaq və hər yeni milyon əlavə 250–400 milyon kubmetr
istehlak deməkdir. Bununla yanaşı, urbanizasiya Bakıya olan yükü
daha da artırır.

Regional risklər də həssas qalır. Türkiyə və Gürcüstanda hər
hansı yeni SES-in tikintisi, Ermənistan və İranda su istifadəsi Kür
və Arazın axınını azaldır. Bu səbəbdən su təkcə əməkdaşlıq deyil,
həm də qarşıdurma amilinə çevrilə bilər.

Uzunmüddətli proqnozlara nəzər saldıqda, mənfi ssenari
resursların 20 faiz azalmasını, kənd təsərrüfatında hər il 1
milyard manata qədər zərər yaranmasını, ərzaq idxalının 40 faizə
yüksəlməsini və 1 milyondan çox “su qaçqını”nın köçünü ehtimal
edir. Optimist ssenari isə Xəzərin şirinləşdirilməsi hesabına
tələbatın 20 faizinin ödənməsini, itkilərin 15 faizə qədər
endirilməsini, 500 min hektarda damcı suvarmanı və tullantı
sularının emalı hesabına əlavə 10 faiz resursun əldə olunmasını
nəzərdə tutur.

Suya münasibətdə mədəniyyət də dəyişməlidir. Tarixi olaraq suya
pulsuz resurs kimi yanaşma formalaşıb və defisit şəraitində belə
israfçılıq vərdişi güclüdür. İstehlak mədəniyyətinin dəyişməsi
infrastruktur quruculuğu qədər vacibdir, çünki onsuz istənilən
investisiya mənasız olacaq.

Nəticə etibarilə, su artıq məişət deyil, strateji problemə
çevrilib.

Neft və qaz əsas ixrac olaraq qalır, amma məhz su ölkənin
gələcəyini müəyyən edəcək. Əgər dayanıqlı su istifadəsi sistemi
yaradılmasa, heç bir enerji gəliri su itkisini əvəzləməyəcək.

Bu, bir nəslin çağırışıdır.