Astanada Orta Dəhlizlə daşınmaların səmərəliliyinin artırılması yolları müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (Trans-Caspian
International Transport Route / TBNM) Assosasiyasının ofisində
Çinin beynəlxalq mühəndislik-konsaltinq korporasiyasının (China
International Engineering Consulting Corporation, CIECC) nümayəndə
heyəti ilə işgüzar görüş keçirilib.

Trend bu barədə
Orta Dəhlizin rəsmi saytına istinadən xəbər verir.

İnformasiyaya əsasən, Çindən olan nümayəndə heyətinin səfəri
Çinin İnkişaf və islahatlar üzrə dövlət komitəsinin tapşırığı
əsasında həyata keçirilib. Səfərdə məqsəd Çin-Avropa dəmiryolları
daşımaları ilə bağlı operativ vəziyyəti araşdırmaq və TBNM marşrutu
imkanlarının qiymətləndirilməsi olub.

Məlumata görə, görüşdə tərəflər daşınmaların dinamikasını və
konteyner daşıyan qatar reyslərinin tezliyini, TBNM marşrutunun
rəqabətə-davamlılığını, tarif siyasətini, kvotalardan istifadəni və
başqa məsələləri müzakirə ediblər.




Qeyd olunur ki, xüsusi diqqət infrastrukturun və əsas
qovşaqların inkişafına yönəldilib. Buraya Aktau limanında konteyner
habının istifadəyə verilməsi, çatdırılma müddətlərinin qısaldılması
və yüklərin izlənməsi üçün rəqəmsal həllərin tətbiqi daxildir.

“Müzakirələrin nəticəsi olaraq, TBNM marşrutu üzrə daşımaların
səmərəliliyinin artırılmasına və Çin-Avropa dəmir yolu əlaqələrinin
dayanıqlı inkişafına töhfə vermək məqsədilə gələcək əməkdaşlıq və
birgə fəaliyyətlər barədə anlaşma əldə olunub”.

Qeyd edək ki, CIECC Çin Xalq Respublikasının Dövlət Şurası
yanında Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyasının
idarəçiliyi altında fəaliyyət göstərən ən iri dövlət konsaltinq
şirkətidir. Korporasiya illər ərzində nəqliyyat, energetika, şəhər
inkişafı və yüksək texnologiyalar sahələrində 150 mindən çox
layihəni, ümumilikdə 200 trilyon yuanı aşan məbləğdə həyata
keçirib.