
Bakı. Trend:
Sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin
müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.
Elm və Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, 2025-2026-cı tədris ilində
respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon
şagirdin təhsil alacağı gözlənilir.
Qeyd edilib ki, onlardan təxminən 130 mindən çoxu birinci sinif,
160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq.
“Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə
yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.
Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə
edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində ümumi təhsil
müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və
Suverenlik İli” mövzusuna həsr olunacaq.
Məqsəd şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyasına,
dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissinin
gücləndirilməsi, Azərbaycan dövlətinin müstəqilliyinin,
suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda xalqımızın
qət etdiyi tarixi yol haqqında şagirdlərin biliklərinin
artırılmasıdır. Eyni zamanda, dövlət rəmzlərinə, azərbaycançılıq
ideologiyasına və milli-mənəvi dəyərlərə sadiqliyin
möhkəmləndirilməsi də əsas məqsədlər sırasındadır”, – nazirlikdən
vurğulanıb.