
Bakı. Trend:
Bakıda Azərbaycanın xüsusi xidmət orqanlarının veteranları
ikinci Fəxri Xiyabanda əfsanəvi kəşfiyyatçı Rzaqulu Quliyevin
xatirəsini ehtiramla yad ediblər.
Trend xəbər
verir ki, “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları
İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir Rzaqulu
Quliyevin anadan olmasının 110 illiyinə həsr olunub.
“Alyans”ın sədri Fəxri Abasov xüsusi xidmət orqanlarının
inkişafında və ölkənin təhlükəsizliyinin təmin olunmasında böyük
xidmətləri olan tarixi şəxsiyyət Rzaqulu Quliyevin keçdiyi şərəfli
yoldan danışıb. Bildirilib ki, o, bir kəşfiyyatçı kimi Azərbaycanın
təhlükəsizliyinin təmin olunması üçün səylərini əsirgəməyib.
Qarşısına qoyulan istənilən işə yüksək məsuliyyətlə yanaşıb,
biliyini, təcrübəsini, gücünü xalqın mənafeyi naminə sərf edib.
Rzaqulu Quliyev ölkənin ictimai-siyasi həyatında fəal iştirak
etmiş, xalq arasında yüksək nüfuza malik bir şəxs olub.
Xüsusi xidmət veteranları, Alyansın fəxri üzvləri Şamil
Süleymanov və Arif Zeynalov, Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədri Cəlil Xəlilov Rzaqulu Quliyevin
peşəkar və insani keyfiyyətləri ilə bağlı xatirələrini bölüşüblər.
Rzaqulu Quliyevin qızı Zərifə Quliyeva ailə adından tədbirin
təşkilinə və atasının xatirəsinin yad edilməsinə görə
minnətdarlığını bildirib.
Rzaqulu Hüseyn oğlu Quliyev 1915-ci il sentyabrın 13-də Zəngəzur
rayonunda anadan olub. Amma 1918-ci ildə erməni daşnaklarının
vəhşilikləri nəticəsində onun ailəsi qaçqın düşüb. Hüseynin 23
yaşlı qardaşı da doğma torpaq uğrunda gedən döyüşlərdə həlak olub.
Bu, ailə üçün ən çətin dövr idi. Sonra atasını, bir ildən sonra isə
anasını itirib.
Rzaqulu Quliyevin qızı Zərifə xanım söyləyib: “Hüseyn babamız
Heydər Əliyevin anası İzzət xanımın qardaşı olub. 1918-ci ildə kənd
daşnakların hücumuna məruz qalıb, demək olar ki, bütün ailə həlak
olub. Bəziləri qaça bilib. Atam o vaxt uşaqlıq illərini
xatırlayanda həmişə ağlayırdı.
Valideynlərini itirdiyinə görə əmək fəaliyyətinə erkən
yaşlarından başlayıb, 1929-cu ilə qədər Naxçıvan rayonunun
Zeynəddin kəndində yaşayıb, əkinçiliklə məşğul olub. 1929-1940-cı
illərdə müxtəlif müəssisə və təşkilatlarda çalışıb, keçmiş SSRİ-nin
nüfuzlu ali məktəblərində təhsil alıb. 1940-1944-cü illərdə hərbi
komissarlıq və prokurorluq orqanlarında işləyib. 1944-cü ildən
Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında xidmətə başlayıb və
35 ildən artıq xidmət edib, sıravi işçidən bölmə rəisinə qədər
yüksələrək, polkovnik rütbəsi alarkən danılmaz nüfuz sahibi
olub.
Sovet dövründə, sadə insanların bürokratik strukturlarda dayaq
və ədalət tapmaq çətin olduğu vaxtlarda hamının – fəhlələrin də,
neftçilərin də, dəmiryolçuların da özünə tərəf çəkdiyi insanlar var
idi. Bu insanlardan biri də Rzaqulu Quliyev idi – insanlarla
işləmək, onları dinləmək kimi nadir istedada malik insan.
O zaman çoxları DTK kimi qurumlardan qaçırdı, amma Quliyevə
münasibət başqa idi – ona qeyd-şərtsiz etimad göstərilirdi.
Vəziyyətindən və sosial mövqeyindən asılı olmayaraq, hamıya kömək
edirdi. İstər sadə dəmiryolçu olsun, istərsə də iri mütəxəssis –
problem yarananda adamlar şəhər komitəsinə yox, onun yanına
gedirdilər.
Rzaqulu Quliyev insanların problemlərini dərindən araşdırmaq,
həll yollarını tapmaq, ədaləti təmin etmək kimi heyrətamiz istedada
malik idi. O, tez-tez rəhbərləri ilə şəxsən əlaqə saxlayır, hüquq
və asayişi bərpa etmək üçün vaxtını araşdırmalara sərf edirdi.
Həmkarları və tanışları onun dərin ədalət hissini dəfələrlə qeyd
edirdilər – ən kiçik ədalətsizlik onu dəli edə bilərdi.
Bu gün Rzaqulu Quliyevin xatirəsi köməyə gəlməyə, zəifləri
qorumağa hazır bir insan kimi tanıyanların qəlbində yaşayır.
O, dəfələrlə şəhər və rayon xalq deputatları Sovetlərinin
deputatı seçilib, Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici
Turizm İdarəsinin rəis müavini olub, dövlət ordenləri ilə təltif
edilib.
1979-cu ildə təqaüdə çıxandan sonra Rzaqulu Quliyev “İnturist”
Ümumittifaq Səhmdar Cəmiyyətinin Bakı filialının müdiri vəzifəsində
işləyib. 1982-ci ilin aprelində ağır xəstəlikdən vəfat edib.
Azərbaycanın ali rəhbərliyi rəsmi qəzetlərdə nekroloq
imzalayıb.
Rzaqulu Quliyev Azərbaycanın ləyaqətli övladlarındandır, bu gün
də fəxrlə xatırlanır, xatirəsinə ehtiram göstərilir.