Şamaxıda növbəti Üzüm və Şərab Festivalının açılışı olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 13-də Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin, “Abqora” restoranı və “Nəsimi
bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri
kəndində keçirilən festival iki gün davam edəcək.

Trend xəbər verir ki,
festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin
köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov,
kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər şəxslər iştirak
ediblər.

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun
Məmmədov deyib ki, üzümçülük və şərabçılığın Azərbaycanda, eləcə də
Cənubi Qafqazda çox qədim tarixi var. Belə festivallar ənənələri
yaşatmaqla yanaşı, ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına
təkan verir.

Festivalın əhəmiyyətindən danışan nazir təşkilatçılara
minnətdarlığını bildirib. Qeyd edib ki, ötən il ölkəmizdə 12 milyon
litr şərab istehsalı olunub: “Bu istiqamətdə hələ görüləsi çox iş
var. İnanıram ki, bu rəqəm ildən-ilə daha da artacaq və Azərbaycan
şərabının tanınmasında belə festivallar mühüm rol oynayacaq”.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib
ki, vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həm
aqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişaf
edir: “Rayonumuzda aparılan çox böyük quruculuq işlərinə, həmçinin
inkişafa görə Prezidentimizə bütün əhalimiz adından dərin
minnətdarlığımızı bildirirəm.

Şamaxının poeziyasının, musiqisinin, xalçaçılığının, qədim
tarixi abidələrinin turistlərə yüksək səviyyədə təqdim olunması
üçün belə festivallar çox önəmlidir. Biz qarşıdakı illərdə də yeni
layihələrlə sizin qarşınıza çıxacağıq”.

Üzüm və Şərab Festivalı maraqlı-əyləncəli proqramla davam edir.
Festivalın birinci günü xüsusi hazırlanmış şou ilə başlayıb.

Səhnəyə retro tərzdə sevilən mahnılar ifa edən “Retro Band”
çıxıb. Azərbaycan cazının tanınmış ifaçılarından biri, beynəlxalq
müsabiqələrin iştirakçısı Ülviyyə Rəhimova da Üzüm və Şərab
Festivalının qonağı olub. Daha sonra populyar ifaları ilə sevilən
Nigar Camal çıxış edib. Enerjisi və xarizması ilə seçilən kubalı
müğənni, rəqqasə və xoreoqraf Edglis Hayle isə Latın Amerikası
ritmləri ilə festival iştirakçılarını rəqsə dəvət edib.

Festivalın birinci günü səhnəyə çıxan növbəti musiqi iştirakçısı
gənc bəstəkar və ifaçı Kazım Can olub. Simli alətlərdə ifa edən
“The Passion band”, “Qaya” Dövlət Ansamblının solisti Humay
Aslanova, müğənni Diana Hacıyevanın rəhbəri olduğu “Dihaj” qrupu da
festival iştirakçıları sırasında idi.

Rok və hip-hop üslubunda dinamik performansları ilə seçilən
“Gaga band”, xalq musiqisinin kökləri əsasında yaradılan enerjili
trekləri ilə tanınan DJ Iradə və DJ Kamo, populyar müğənni Dilarə
Kazımova da festivalın birinci günündə səhnəyə çıxıblar.




Qeyd edək ki, festivalın məqsədi yerli üzüm və şərab
istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının
artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və
bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.
Builki festivalın proqramına da üzüm istehsalı və şərabçılıq,
ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və
əyləncəli tədbirlər daxildir.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və
şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda
müxtəlif şərab brendləri iştirak edir.

Burada yerli və xarici istehsalçıların nümayiş etdirdikləri
müxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil edilir,
ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli – zavod qiymətinə
əldə etmək, ustad dərslərində iştirak etmək, şərab evlərinin
maraqlı hekayələrini dinləmək imkanı qazanırlar.

Həmçinin festival ərazisində sərgi və məşhur restoranların
pavilyonları quraşdırılıb. Ziyarətçilər üçün rəssamların üzümçülük
mövzusunda əsərləri sərgilənir.

Festival ərazisində tələbələr tərəfindən Kənd Təsərrüfatı
Nazirliyinin süni intellektlə bağlı təqdimatı olub.

Sentyabrın 14-ü də festivalın musiqi proqramı rəngarənglik vəd
edir. Həmin gün açılışı müasir pop janrında çıxış edən, səsi və
fərqli səhnə təqdimatı ilə seçilən gənc ifaçı Sevanna edəcək.

İstedadlı saksofonçu, “Suleymanbeyli Group” layihəsi ilə çıxış
edən Teymur Süleymanbəyli və qrupun solisti Nəzrinin də ifaları
unudulmaz anlarla yadda qalacaq.

İki dəfə “Eurovision”da çıxış edən, “The Voice Türkiye”
yarışmasının qalibi Elnur Hüseynov, digər “Eurovision” təmsilçimiz,
festivalın hər iki gününün qonağı Nigar Camal, populyar müğənni
Samir Piriyev, Meksika və samba üslubunda musiqilər ifa edən
“Mexican band”, populyar estrada müğənnisi Nura Suri, Humay
Aslanova, caz və xalq musiqisini birləşdirən ifaları ilə tanınan
Xalq artisti Tünzalə Ağayeva, gənc DJ Kamo müxtəlif tamaşaçı
zövqünə uyğun musiqiləri ilə festivalı daha ritmli və dinamik
edəcəklər.

Ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm
potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı,
müxtəlif oyunlara da qatıla biləcəklər.

Artıq dördüncü dəfədir keçirilən Üzüm və Şərab Festivalı şərab
istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş
auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir