
Bakı. Trend:
Niderlandda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140
illik yubileyi və Milli Musiqi Günü böyük təntənə ilə qeyd edilib.
Bu münasibətlə Haaqa şəhərində yerləşən “Theater de Vaillant”
teatrının səhnəsində Azərbaycan musiqisinin incisi – “Leyli və
Məcnun” operası nümayiş olunub.
Azərbaycanın Niderlanddakı Səfirliyindən Trend-ə verilən məlumata
görə, tədbir Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin
təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla iş üzrə
Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşib.
Rəsmi hissədə Azərbaycanın dövlət himni səsləndirilib,
torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Niderlanddakı səfiri
Məmməd Əhmədzadə Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir
Hacıbəylinin çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti
tarixindəki rolu, o cümlədən Şərqin və Qərbin musiqi
nailiyyətlərinin dərin vəhdətində yaratdığı nadir sənət inciləri və
Azərbaycan musiqisini dünyada tanıtması, azərbaycançılıq
məfkurəsinə dəyərli töhfələri barədə danışıb. Üzeyir Hacıbəylinin
Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşada anadan olduğunu
deyən diplomat yubiley tədbirlərinin məhz azad edilmiş Şuşa və
Qarabağda keçirilməsinin mühüm tarixi və mənəvi əhəmiyyət
daşıdığını və həm dahi bəstəkarın ruhuna ehtiram, həm də
qayıdışımızın rəmzi olduğunu deyib.
Daha sonra çıxış edən Azərbaycan-Niderland Odlar Yurdu
Cəmiyyətinin sədri, musiqiçi Frəngiz Bağırova “Leyli və Məcnun”
operasının tarixi əhəmiyyəti, onun yaranma prosesi və ilk ifaçıları
barədə məlumat verib. O bildirib ki, bu opera təkcə Azərbaycanın
deyil, bütün Şərq aləminin ilk operası kimi musiqi tarixində
silinməz iz qoyub. Əsərin zəngin folklor materialı, xüsusilə
muğamlar və xalq mahnıları əsasında yazıldığı, xalq musiqisi ilə
Qərb musiqisinin uğurlu sintezi nəticəsində muğam-opera janrının
əsasını qoyduğunu deyib. F.Bağırova əlavə edib ki, “Leyli və
Məcnun” operası zamanla Azərbaycanın mədəni irsinin parlaq
nümunəsinə çevrilib, ölkəmizdə və dünyanın müxtəlif ölkələrində
dəfələrlə səhnələşdirilib və 2008-ci ildə YUNESKO tərəfindən bəşəri
əhəmiyyətli yubiley kimi qeyd olunub.
Tədbirin bədii hissəsində, Niderland və Almaniyada yaşayan
azərbaycanlı xanəndə və musiqiçilərin ifasında “Leyli və Məcnun”
operasından seçilmiş parçalar təqdim olunub. Leyli obrazını
Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Vüsalə Cabir,
Məcnun obrazını isə istedadlı sənətçi Nəhmətəğa Əliyev ifa ediblər.
Tarda Cavid Səlimov, pianoda isə Səbinə Məmmədova çıxış edərək
tamaşaya musiqi müşayiəti veriblər.
İfalar tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Sonda səfir M.Əhmədzadə bu möhtəşəm musiqi gecəsinin ərsəyə
gəlməsində göstərdiyi zəhmətə görə F.Bağırovaya, səhnədə
sənətsevərlərə unudulmaz anlar yaşadan ifaçılara və musiqiçilərə
təşəkkürünü çatdırıb. Xanəndələr və musiqiçilərə xüsusi
təşəkkürnamələr təqdim olunub.
Tədbir, Azərbaycan mədəni irsinin Niderland ictimaiyyətinə
tanıdılması ilə yanaşı, musiqi vasitəsilə xalqlar arasında mədəni
dialoqun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verib.

