
Bakı. Trend:
İran və onun nüvə obyektlərinə qarşı istənilən addım atıldığı, o
cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən icrası dayandırılan
qətnamələr bərpa olunduğu halda, İran və AEBA arasındakı əməkdaşlıq
metodu ilə bağlı razılaşmanın icrası dayandırılacaq.
Trend-in
məlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının
İran xarici işlər naziri Seyid Abbas Araqçi və Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi arasında
imzalanan razılaşma haqda yayımladığı bəyanatda qeyd olunur.
Bəyanata əsasən, İran və AEBA arasında yeni əməkdaşlıq metodunun
mətni İranın Ali Milli Təhlükəsizlik Şurasının nüvə komitəsində
araşdırılıb və imzalanıb. Ümumilikdə bu komitənin təsdiqlədiyi mətn
əsasında İran və AEBA arasında əməkdaşlıq metodu formalaşıb.
Bəyanatda bildirilir ki, ölkənin müxtəlif əlaqədar qurumlarının
yüksək səviyyəli rəsmilərindən ibarət Ali Milli Təhlükəsizlik
Şurasının nüvə komitəsi bütün dövrlərdə bu şura tərəfindən icazə
əsasında qərar verib və hazırda da həmin formada qərar
verməkdədir.
Bəyanatda əlavə olunur ki, ABŞ və İsrail tərəfindən vurulan və
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətində olan İranın
nüvə obyektləri ilə əlaqədar lazımi təhlükəsizlik şəraiti
yarandıqdan sonra Ali Milli Təhlükəsizlik Şurasının rəyi əsasında
İran öz hesabatını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim
edəcək. Növbəti mərhələdə isə İran və AEBA arasında agentliyə
ünvanlanan hesabat haqda əməkdaşlıq metodları haqda razılıq əldə
olunmalı və istənilən addım haqqında Ali Milli Təhlükəsizlik
Şurasının təsdiqi alınmalıdır.
Əlavə edək ki, 11 sentyabrda İran xarici işlər naziri Seyid
Abbas Araqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş
direktoru Rafael Qrossi Misir paytaxtı Qahirədə qarşılıqlı
əlaqələri bərpa etmək və Tehranın nüvə obyektlərində bütün
yoxlamaları dayandırdıqdan sonra əməkdaşlıq üçün yeni qaydalar
barədə razılığa gəliblər.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü
müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin
planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.
Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT
Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT
Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,
İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.
Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi
əməliyyat icazəsi verir.