
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
14-də Xocalı rayonunun Şuşakənd kəndində olub.
Trend xəbər verir
ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin
xüsusi nümayəndəsi Elçin Yusubov görülmüş işlər barədə dövlətimizin
başçısına məlumat verdi.
Qeyd edək ki, bu kənd də Silahlı Qüvvələrimizin iki il əvvəl
həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın
nəzarətinə keçib.
İndiyədək kəndin sosial infrastrukturunun qurulması
istiqamətində bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə
işlər davam etdirilir. Belə ki, mövcud elektrik xətləri, 3 su
anbarı, subartezian quyusu bərpa olunub, transformator
quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb, qaz xətti
çəkilib, mövcud içməli su şəbəkəsi təmir edilib. Bundan başqa,
rabitə xətlərinin layihəsi təsdiqlənib və bu istiqamətdə hazırlıq
işləri görülür. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar
asfaltlanıb.
Şuşakənddə ümumilikdə 263 fərdi ev var. Onlardan 91-i yararsız,
172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara
hazırdır. Bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə
isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə (59
nəfər) qayıdıb.
Dövlətimizin başçısı kəndə köçmüş Zaur Rzayevin evində olub,
ailə üzvləri ilə söhbət edib.