Səngərdə doğulan günəş – Fatma Səttarova

Baş səhifə

Bakı. Trend:

Bəzən bir insan bir əsrin yükünü çiyinlərində daşıyır. Sanki
tarix onun nəfəsində danışır, zaman isə onun gözlərində qərar
tutur. Belə insanlar nadir doğulur. Onlar yalnız bir dövrün deyil,
bütöv bir xalqın yaddaşına çevrilirlər. Onlardan biri də şəfqətin
səngərində, mübarizənin meydanında, ön cəbhədə sübuta yetirən,
ləyaqətin cəmiyyətdə rəmzinə çevrilən Fatma Hüseyn qızı
Səttarovadır.

Fatma Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdu.
Ailənin tək övladı idi. 1940-cı ildə Bakı Tibb Texnikumunu
bitirmişdi. Cəmi bir il sonra 1941-ci ilin yanvarında ailə həyatı
qurmuş, lakin bu xoşbəxtliyin ömrü cəmi beş ay sürmüşdü. İyun
ayında İkinci Dünya müharibəsi başlandı. Fatma xanım 18 yaşında
olmasına baxmayaraq könüllü olaraq cəbhəyə yollandı. Faşizm
üzərində qələbə üçün ölümə çarpışmaqdan belə çəkinmədi. Bu gənc
qadın ön xəttdə şəfqət bacısı kimi xidmət göstərməyə başladı.
Moskova uğrunda gedən mübarizə ilə qəhrəmanlıq tarixi yaradan Fatma
xanım Səngərlərdə yaralı əsgərləri ölümün pəncəsindən xilas edir,
həyatla ölüm arasındakı sərhəddə ümid paylayırdı. Leninqradın
mühasirəsi zamanı Ladoqa gölünün üzərində salınmış məşhur “Həyat
yolu”ndan keçərək döyüş bölgələrinə ərzaq və dərman daşıyır,
yaralıları təhlükədən uzaqlaşdırırdı. Göydən bombaların yağdığı
anlarda belə insanlıq və mərhəmət hissini itirmədi. Müharibə onu
əymədi əksinə, daha da möhkəmləndirdi. O, Berlinə qədər döyüş yolu
keçdi. Lakin 1945-ci ilin əvvəllərində Macarıstanda xəstələndi və
ordudan tərxis olundu. Yaralı əsgərlərlə dolu eşalonu müşayiət
edərək Bakıya döndü. Üç ay sonra isə böyük Qələbə elan olundu.
Fatma Səttarovanın həyatında müharibədən sonra yeni səhifə açıldı.
Tibb sahəsini tərk edərək Bakı Dövlət Universitetinin İqtisadiyyat
fakültəsində təhsil aldı. Sonrakı illərdə müxtəlif dövlət
qurumlarında çalışdı. Amma onun ən böyük vəzifəsi xalqa və Vətənə
xidmət idi. İctimai fəaliyyətə qoşulan Fatma xanım Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatında çalışmağa başlamış və 2021-ci ildə bu qurumun sədri
təyin olunmuşdu. Bu vəzifədə o, bütün veteranlar üçün çalışırdı.
Onların sosial rifahı, mənzil və tibbi təminatı kimi məsələlərin
həllində fəal mövqe tutdu. Məktəblərdə və hərbi hissələrdə
gənclərlə görüşlər keçirərək vətənpərvərlik ruhunun formalaşmasına
mühüm töhfə verdi. Fatma xanımın rəhbərliyi dövründə təşkilat nəfəs
alan bir ailəyə çevrilmişdi. Bu ailənin hər bir üzvü bu gün Fatma
xanımı dərin minnətdarlıqla xatırlayır. Onun adı çəkiləndə yalnız
keçmiş yada düşümür, həm də gələcəyin yol xəritəsi göz önündə
canlanır.

Fatma Səttarovanın həyat yolu dövlət rəhbərləri tərəfindən də
yüksək qiymətləndirilmişdir. Ümummilli Lider Heydər Əliyev onunla
bir neçə dəfə görüşmüş, xatirələrini dinləmiş, onu “Azərbaycanın
qəhrəman qızı” adlandırmışdı. Daha sonra Prezident İlham Əliyev və
Birinci xanım Mehriban Əliyeva ilə bir çox tədbirlərdə fəxri qonaq
kimi iştirak etmiş, onların təşəbbüsü ilə keçirilən layihələrdə
fəallıq göstərmişdir. Prezident İlham Əliyev onun haqqında belə
demişdi: “Fatma Səttarova kimi insanlar bizim milli sərvətimizdir.”
2021-ci ilin 9 may tarixində onun şərəfinə Silahlı Qüvvələrin Fəxri
Qaraulu düzülmüş, 2022-ci ildə isə “İstiqlal” ordeni ilə təltif
olunmuşdu. Eyni zamanda, “Qələbənin 75 illiyi”, “Vətənin fəxri” və
“Veteran Həmrəyliyi” medallarına layiq görülmüşdü. Fatma xanım 14
sentyabr 2024-cü ildə vəfat etdi və II Fəxri Xiyabanda dəfn olundu.
Ömür yolu ilə nəsillərə örnək olan Fatma xanımın yoxluğu
Təşkilatımızın üzvləri üçün ağır bir itki oldu. Onun məzarı bu gün
veteranların əziz xatirəsinin yaşadılacağı bir and yerinə çevrilib.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dəfn
mərasiminə əklil göndərərək ona olan yüksək ehtiramlarını ifadə
etmişdilər. İndi isə Təşkilat olaraq deyirik: “Nur içində yat,
Fatma xanım. Allah sənə rəhmət eləsin. Biz səni heç zaman
unutmayacağıq. Sən bizim yaddaşımızda, dualarımızda yaşayacaqsan.
Vətənə və xalqa etdiyin xidmətlər daim xatırlanacaq, adın
nəsillərdən nəsillərə ötürüləcək. Ruhun şad olsun!




Polkovnik Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının
sədri