Moldovada azərbaycanlıların bazar günü məktəbində yeni tədris ilinin açılışı olub

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 14-də Moldova Azərbaycanlıları Konqresinin bazar günü
məktəbi öz qapılarını yenidən şagirdlərinin üzünə açıb.

Trend xəbər verir
ki, artıq dördüncü ildir fəaliyyət göstərən məktəbin ilk açıq dərsi
Kişineu və Benderdə iyirmiyə yaxın şagirdin iştirakı ilə
keçirilib.

Tədbiri açan məktəbin müəllimi Səidə Səfərova qeyd edib ki,
Moldova Azərbaycanlıları Konqresinin bazar günü məktəbi təkcə dərs
və dərslik deyil, həm də uşaqların öz doğma kökləri ilə əlaqə
saxladıqları, öz xalqlarının dilini, tarixini, adət-ənənələrini
öyrəndikləri, dostlar və həmfikirlər tapdıqları isti məkandır.

Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev, Moldova
Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, Moldova
Respublikası Parlamentinin deputatı, Moldova-Azərbaycan Dostluq
Qrupunun sədri Vitali Jakot çıxışlarında uşaqlara təhsillərində
uğurlar arzulayıblar. Yeni nəslin öz milli varlığını qoruyub
saxlamasının, öz kökləri ilə fəxr etməyi öyrənməsinin vacibliyini
vurğulayıblar.

Bu il şagirdlər üçün ana dili, Azərbaycanın tarixi və
mədəniyyəti üzrə dərslər, yaradıcılıq və inkişaf etdirmə
fəaliyyətlərini özündə əks etdirən zəngin proqram hazırlanıb.